AFFA-nın I vitse-prezidenti: Onları tutub içəri basmaq lazımdır
12.03.2009 - 14:35
AFFA-nın I vitse-prezidenti: Onları tutub içəri basmaq lazımdır
“Mən hakimlərimizin adlarının klublarla işbirliyində hallandırılması ilə bağlı məsələlərə çox pis münasibətdəyəm. Neçə ildir ki, belə hallar müşahidə olunmaqdadır. Bu bazarı bağlamaq, biabırçılığa son qoymaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri lent.az-a AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib.

Onun sözlərinə görə, futbol və futzal üzrə beynəlxalq dərəcəli hakimlər Babək Quliyevlə Anar Niyazovun günahları yalnız məhkəmə yolu ilə sübut oluna bilər. Məhkəməyə müraciət olunmadan hər iki referi haqda fikir yürütmək olmaz. Əliyev hakimlərin klublarla işbirliyinə getmələri haqda iddiaların hələ təsdiqini tapmadığını bildirib.

Millət vəkilinin fikrincə, Quliyevlə Niyazovun günahları məhkəmədə sübuta yetirilərsə, onlar haqda ən sərt tədbirlər görülməlidir: “Əgər belə hal varsa, rüşvət aldıqları üçün barələrində cinayət işi qaldırılmalıdır. Onları tutub içəri basmaq, ömürlük hakimlikdən uzaqlaşdırmaq lazımdır. Hakimlərlə əməkdaşlıq edən klublar da ciddi cəzalandırılmalıdır”.
0