Rəşad Sadıqov ikinci dəfə “Fənərbaxça”ya qarşı
12.03.2009 - 15:52
Rəşad Sadıqov ikinci dəfə “Fənərbaxça”ya qarşı
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov sabah “Fənərbaxça” klubuna qarşı oynayacaq. Apasport.az saytının məlumatına görə, həmyerlimiz ikinci dövrədən çıxış etdiyi “Kocaelispor”un heyətində Superliqanın növbəti turunda istanbullularla “Şükrü Saracoğlu” stadionunda keçiriləcək görüşdə əsas heyətdə meydana çıxacaq.

“Kocaelispor”un baş məşqçisi Erhan Altın ənənəsinə sadiq qalaraq, Rəşada yenə start heyətində yer verib. Superliqada 24-cü tur sabah bu komandaların Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşü ilə start veriləcək. “Fənərbaxça” çempionluq uğrunda mübarizə apardığı halda, Sadıqovun komandası Superliqada qalmaq uğrunda savaşır. İddialı danışan Altın “Qalatasaray”ı olduğu kimi, “Fənərbaxça”nı da səfərdə yenmək fikrində olduqlarını və İstanbuldan üç xalla dönəcəklərini bildirib.

“Qalatasaray”ı “Əli Sami Yen“də böyük hesabla yendikləri (5:2) görüşdə poker edən Taner Gülləri qələbəyə köklənib: “Komandamızın üç xala böyük ehtiyacı var. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Ümid edirəm ki, “Qalatasaray”la oyunda necə qələbə qazanmışdıqsa, bu dəfə də elə olacaq. Tezliklə turnir cədvəlində yuxarı pillələrə çıxmağımız lazımdır. İnşallah, mən də qol vuracağam”.

Qeyd edək ki, bu, Rəşadın “Fənərbaxça”ya qarşı ikinci oyunu olacaq. Müdafiəçimiz 2005/06 mövsümündə “Kayserispor”da çıxış edən zamanı “Şükrü Saracoğlu”da əsas heyətdə meydana çıxmışdı. Matç “Fənər”in qələbəsi ilə nəticələnib. Sadıqov həmin mövsümün ikinci yarısında “Neftçi”yə icarəyə verildiyi üçün Türkiyə çempionuna qarşı daha oynamadı.
0