Mais Mənsimov qızıl medallardan da əlini üzüb
12.03.2009 - 16:14
Mais Mənsimov qızıl medallardan da əlini üzüb
“Bakı” ilə görüşdə qazandığımız oyunu əldən verdik. Amma ən əsası odur ki, uzun fasilədən sonra uşaqlar əsl futbol oynadılar”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov deyib.

Mənsimovun sözlərinə görə, komandası belə oyun sərgiləsə, ölkə çempionu tituluna və avrokuboklarda uğura ümid edə bilər. O, bu mənada ikinci dövrədən “Xəzər-Lənkəran”ı çalışdıran İqor Ponomaryova dəstək verib: “Lənkəranda “Karvan”la heç-heçə və “Bakı”ya məğlubiyyət hamımızın kefini çox pozmuşdu. Amma başa düşməliyik ki, yeni məşqçiyə vaxt verilməlidir. Dünənki oyun Ponomaryovun istedadlı mütəxəssis olduğunu üzə çıxardı. O, rəhbərliyin tam dəstəyinə bel bağlaya bilər. Əsas odur ki, komandanın oyununda inkişaf davam etsin. “Xəzər Lənkəran” çoxdandır ki, bu səviyyədə oynamırdı. İndi oynayırsa, deməli, baş məşqçimiz ciddi iş görür”.

Deyəsən, “Xəzər-Lənkəran”ın prezidenti çempion ola bilməyəcəklərini daha real sayır. Çünki Mənsimov adını yeni mövsümdən dəyişərək Avropa Liqası adlanacaq UEFA kubokuna vəsiqədən danışıb: “Azarkeşlərimiz narahat olmasın. “Xəzər Lənkəran” çempionluq uğrunda mübarizəni sonadək davam etdirəcək və rəqiblərimiz büdrəyərsə, onları bağışlamayacağıq. Amma istənilən halda, Çempionlar Liqası olmasa belə, yeni Avropa Liqasına vəsiqə qazanacağıq. Buna əminəm. Məqsədimiz mərhələ adlamaqdır. “Xəzər Lənkəran”ın qitə səhnəsindəki uğursuz oyunlar seriyası qırılmalıdır. Məncə, Ponomaryovun sərəncamına daha bir-iki səviyyəli futbolçu versək, komandanı məqsədə doğru apara biləcək”.

Qeyd edək ki, son iki mövsümdə kubokun sahibi olan “Xəzər Lənkəran” titulunu əldən verib. Komanda kubokda uduzduqları Premyer Liqanın lideri “Bakı”dan 5 xal geri qalır.
0