“Mançester Yunayted” üç İtaliya klubunun əhatəsindən necə çıxdı?
12.03.2009 - 16:26
“Mançester Yunayted” üç İtaliya klubunun əhatəsindən necə çıxdı?
“Mançester Yunayted” avrokuboklarda yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında İtaliya “İnter”ini üstələyən (2:0) ingilislər məğlubiyyətsiz oyunlar seriyasını 21-ə çatdırıb.

“İnter” digər İtaliya təmsilçisi “Yuventus”un rekordunun birinci yerdə qalmasına kömək edə bilməyib. Belə ki, bu qarşılaşmayadək ən yaxşı göstəriciyə şərik olan mançesterlilər turinlilərlə bərabər nəticənin müəllifi idi. “Yuventus” hələ 1970-72-ci illərdə ardıcıl 20 görüşdə meydanı məğlub tərk etməmişdi. “Mançester Yunayted”i sonuncu dəfə üstələyən komanda da İtaliya təmsilçisi olub. 2007-ci ildə 3:0 hesabı ilə ingilisləri məğlub edən “Milan” rəqibinin final arzusunu gözündə qoysa da, həmin vaxtdan heç kim milanlıların bacardığını təkrarlaya bilmir.

Qeyd edək ki, “Mançester Yunayted” avrokuboklarda keçirdiyi ev oyunlarında da 19 matçdır uduzmur.
0