Emin Quliyevə yaraşmayan hərəkət
12.03.2009 - 16:42
Emin Quliyevə yaraşmayan hərəkət
Ağasəlim Mircavadov “Xəzər-Lənkəran”ın kapitanı Emin Quliyevi qınayır. Apasport.az saytının məlumatına görə, tez-tez qırmızı vərəqə alan 32 yaşlı müdafiəçi “Bakı” ilə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə də meydandan qovuldu. Rəqib komandadakı həmkarı Rafael Əmirbəyova qarşı aşkar kobud oynayan Emin bunun nəticəsində ikinci sarı vərəqə alaraq, meydandan çıxarılıb.

Mircavadov “Xəzər-Lənkəran”da rəhbərliyi altında oynayan Quliyevin hərəkətinə haqq qazandırmır: “Emin mənim vaxtımda da qırmızı vərəqə alıb. Çempionlar Liqasında elə Tofiq Bəhramov adına Respublika stadionunda Zaqrebin “Dinamo” klubu ilə görüşdə rəqibə qarşı kobudluğa görə meydandan çıxarılmışdı. “Bakı” – “Xəzər-Lənkəran” görüşünün son 10 dəqiqəsini izləyə bilmədiyim üçün Quliyevin kobudluq etdiyi epizodu görmədim. Hər halda, Emin qırımızı vərəqə alıb, meydandan çıxarılıbsa, bu, ona yaraşmayan hərəkətdir. Düzdür, ola bilsin ki, futbolçu emosiyalarını cilovlaya bilməyib və kobudluğa yol verib. Amma insan yaşa dolduqca təmkinli olmalıdır. Futbolçu meydanda aqressiv yox, sakit halda oynamalıdır”.

Qeyd edək ki, Eminlə yanaşı, Premyer Liqada cari mövsümün bombardiri olan İvan Svetkov da qarşıdakı “Olimpik”lə ev oyununda “Xəzər-Lənkəran”a kömək edə bilməyəcək. Komanda yoldaşı kimi, “Bakı” ilə görüşdən sonra cəzalı duruma düşən bolqar hücumçu cari mövsümdə 4-cü sarı vərəqəsini alıb.
0