8 yaşlı uşağın babası AFFA-dan nə istəyir?
12.03.2009 - 18:40
8 yaşlı uşağın babası AFFA-dan nə istəyir?
Bu gün AFFA-da “açıq qapı” günü olub. Assosiasiyasının baş katibi Elxan Məmmədov yeniyetmə futbolçuların valideynləri ilə görüşərək, onların arzu, təklif və şikayətlərini dinləyib. Apasport.az saytına “açıq qapı” günü haqqında məlumat verən baş katib görüşdə bir sıra məsələlər barədə fikir mübadiləsi apardıqlarını deyib.

“Görüşə daha çox insanın gələcəyini gözləsəm də, assosiasiyaya 8-9 nəfər təşrif buyurmuşdu. Onlar “lipa”lara qarşı apardığımız mübarizəyə görə bizə minnətdarlıq etdilər. Aşağı yaş qruplarından milli komandalar üçün seçim zamanı vahid sistemin yaradılmasının məqsədəuyğunluğunu bildirdilər”- deyə Məmmədov vurğulayıb.

Həmçinin, valideynlər seleksiya gününün rübdə yox, ayda 1 dəfə keçirilməsini təklif ediblər. Elxan Məmmədovda əsasən 8 yaşlı uşağın babası ilə görüş dərin təəssürat oyadıb: “8 yaşlı uşağın babası nəvəsinin futbolçu olmaq istədiyini söylədi. Mən də dedim ki, problem yoxdur, həmin uşağı istənilən klubun müvafiq yaş qrupuna yerləşdirməyə hazırıq”.

“Açıq qapı” sabah da baş tutacaq. Məmmədov saat 09:30-dan 11:30-dək görüşə gələnləri qəbul edəcək. Baş katib sabah görüşə daha çox insanın gələcəyinə ümidvar olduğunu bildirib: “İnanıram ki, “açıq qapı”nın ikinci günündə daha çox vətəndaş bizə müraciət edəcək. Biz onların təkliflərini, istəklərini, şikayətlərini məmnuniyyətlə dinləyəcəyik”.
0