Futbol İmişliyə qayıdır
13.03.2009 - 15:28
Futbol İmişliyə qayıdır
Böyük futbol İmişliyə qayıdır. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Braziliyada keçiriləcək beynəlxalq futbol turnirində təmsilçimizin müəyyənləşməsi ilə bağlı regionlardakı seçmə mərhələ oyunlarına martın 28-də İmişlidə start veriləcək. Final mərhələsi bu ilin sentyabrında Braziliyada təşkil olunacaq “Danone Beynəlxalq Kuboku” futbol turnirində Azərbaycanın təmsil olunması ilə bağlı AFFA və “Danone” şirkəti arasında aparılan danışıqlar müsbət nəticələnib.

Turnirdəki təmsilçimizin müəyyənləşdirilməsi məqsədilə əvvəlcə respublikanın bütün regionlarında 11-12 yaşlı (1 yanvar 1997-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək təvəllüdlü) uşaqlardan ibarət komandalar arasında “Danone Beynəlxalq Kuboku”nun seçmə mərhələ oyunları keçiriləcək. Regionda qalib olmuş komandalar sonrakı mərhələdə Bakıda Premyer Liqa klublarının nəzdindəki müvafiq yaş qrupundan ibarət 14 komandanın mübarizə aparacağı Azərbaycan birinciliyində iştirak edəcək. Bu mərhələnin qalibi “Danone Beynəlxalq Kuboku” futbol turnirində Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Turnirdə iştirak etmək istəyən regionlardakı komandalar sənədlərini həmin ərazidəki Regional Futbol Federasiyasına, Bakıdakı komandalar isə AFFA-ya təqdim edə bilərlər. Sənədlərin təqdim olunması üçün müddət martın 1-dən 18-ə qədərdir.

Qeyd edək ki, İmişlinin sonuncu təmsilçisi olan “MKT-Araz” klubu iki il öncə güclülər dəstəsində oynamaqdan imtina edib.
0