Ponomaryov: Futbolla bağlı başqa planlarım var
13.03.2009 - 16:08
Ponomaryov: Futbolla bağlı başqa planlarım var
“Çindən mənə zəng etmişdilər. Bu ölkəyə gəlməyimi istəyirlər. Ancaq müsbət cavab vermədim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının yarımmüdafiəçisi Anatoli Ponomaryov deyib.

Özünə yeni klub axtaran 27 yaşlı futbolçu bir müddət öncə Çindən təkliflə bağlı gözləmə mövqeyi tutur: “Çinlilərin təklifindən imtina etmədim. Sadəcə, dedim ki, ayağım ağrıyır. Bir həftə müalicə olunmalıyam. Vəziyyətə baxıb, son sözümü deyəcəyəm. Çinə keçidimdə vasitəçi olan menecer iki variantı təklif etmişdi. Yəni, daha real olan “Qinqdao” klubu ilə yanaşı, “Şenhen” variantı var. Çində oynamaq variantı mənə cəlbedici göründü. Bir illik müqavilə təklif ediblər. Buna görə qazancımın nə qədər olacağını demək istəmirəm. Bunun nə mənası var ki? Yalnız onu deyə bilərəm ki, təklif maddi baxımından sərfəli idi”.

İsveçin aşağı divizionunda çıxış edən Stokholmun “Qrondals” klubunun düşərgəsində yer alan Ponomaryov formasını itirməmək üçün müvəqqəti orada məşq edir. Futbolçu ilə söhbətdə aydın oldu ki, Çin variantı bir müddət öncə onu qədər maraqlandırmışdısa, bu, artıq arxa plana keçib. Deyəsən, Ponomaryov tamam başqa fikrə düşüb və bizimlə söhbətdə bunu hiss etdirən futbolçu qəti qərarını vermədiyi üçün tərəddüd içərisində idi.

Maraqlıdır, son vaxtlar klub karyerası elə də uğurla alınmayan Anatoli artıq bu yaşda karyerasını bitirib, futbolla bağlı başqa işin qulpundan yapışmağı düşünmür ki? “İndi sizə bu haqda dəqiq bir şey deməyəcəyəm. Onu söyləyə bilərəm ki, futbolla bağlı başqa planlarım var. Bunu yalnız bir həftədən sonra açıqlaya bilərəm. İndidən hadisələri qabaqlamaq istəmirəm. Futbolla bağlı başqa planlarım üzərində ciddi düşünürəm. Əgər Çindən gələn təklifi qəbul edib, getmədimsə, deməli, ortada nəsə ciddi bir şey var. Özü də bu, maraqlı variantdır. İsveçin yüksək liqasında çıxış edən HAİS-lə hələ bir illik müqaviləm var. Planlarımı tam aydınlaşdırandan sonra bu klubla da məsələni həll edəcəyəm. Azərbaycandan mənə heç bir dəvət olmayıb. Klubsuz olduğum üçün yığmamıza cəlb edilməməyimə normal baxıram”.
0