5 min manatlıq təhqir
13.03.2009 - 16:53
5 min manatlıq təhqir
Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə üzvləri ölkə kubokunun təkrar 1/4 final oyunlarında baş verən xoşagəlməz hadisələri müzakirə edərək uyğun qərarlar çıxarıb.

Bu matçlarda klublar 7200 manat cəriməyə layiq görülüb. “Bakı” – “Xəzər-Lənkəran” matçında meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hərəsi 1000 manat cərimə olunub. 83-cü dəqiqədə “Bakı”nın futbolçusu Uilyam Roşa Batista hakimə tüpürdüyü üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan çıxarılmışdı. Bu hərəkət braziliyalının 6 oyunluq kənarlaşdırılmasına və bakılıların 5000 manat cərimə olunmasına səbəb olub. Matçın 90+4-cü dəqiqəsində ikinci sarı vərəqəyə görə meydandan qovulan Emin Quliyevin cəzası isə yüngül olub. “Xəzər-Lənkəran”ın kapitanı 1 oyunluq kənarlaşdırılıb, klub isə 200 manat ziyana düşüb.

NİK Premyer Liqadakı klubların əvəzedici heyətlərinin “Turan” – MOİK matçında baş verənləri də araşdırıb. Belə ki, MOİK-in 14 №-li futbolçusu Əfqan Nağıyevin aldığı sarı vərəqəni hakim səhvən protokolda komandanın 24 №-li futbolçusu Ramil Əliyevin hesabına yazıb. Bakılıların komitəyə ünvanladığı məktubdan sonra matçın videoyazısı izlənilib və sarı vərəqənin həqiqətən də Əfqan Nağıyevə göstərildiyi aşkar edilib. Bu səbəbdən də sarı vərəqə Ramil Əliyevin hesabından silinib, Əfqan Nağıyevin hesabına yazılıb. “14”lə “24”ü səhv salan hakim haqda qərar vermək isə Hakimlər Komitəsinə həvalə olunub.
0