Hacıyevski: Bu, artıq faciədir
13.03.2009 - 17:26
Hacıyevski: Bu, artıq faciədir
“Braziliyalı hücumçumuz Batistaya verilən cəzadan xəbərim yoxdur. Əgər 6 oyunluq diskvalifikasiya olunubsa, bu, çox ağır cəzadır”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun makedoniyalı baş məşqçisi Qyoko Hacıyevski deyib.

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında çıxarılan qərara əsasən “Bakı”nın braziliyalı hücumçusu Vilyam Roşa Batista 6 oyunluq cəzaya, klubu isə 5000 manatlıq cəriməyə məruz qalıb. Buna səbəb kimi, həmin futbolçunun “Xəzər-Lənkəran”la Azərbaycan kubokunun təkrar ¼ final görüşündə hakimə tüpürməsi göstərilir.

Hacıyevski bu qərara qarşı çıxır: “Həmin epizodu yaxşı görürdüm. Batistanın hakimə tüpürdüyünü görmədim. O, peşəkar futbolçudur. Yan xətt hakimi həmin vaxt səhvə yol vermişdi. Buna zəmanət verə bilərəm. Batista da ona yaxınlaşıb, etirazını bildirmişdi. Mən futbolçumun tərəfini saxlamıram. Sadəcə, Batista hakimə qarşı qeyri-etik davranışının şahidi olmadım. Bu, görünməmiş qərardır. Azərbaycanda işlədiyim müddətdə hansısa futbolçuya belə cəza verilməsini görməmişəm. Məgər futbolçu hakimi öldürüb? Ona heç zərbə də vurmayıb. Tüpürməyini isə görməmişəm, buna inanmıram da”.

Təcrübəli makedoniyalı mütəxəssis Azərbaycan çempionatında futbolçunun cəzasının belə uzun müddətli olmasını düzgün saymır. Hacıyevski fikrini belə əsaslandırıb: “Bura Almaniya çempionatı deyil ki, 40-a yaxın tur keçirilsin. Azərbaycan Premyer Liqası cəmi 26 turdan ibarətdir. Hər dövrədə 13 tur olur. Batistaya verilən cəza elə bir dövrənin yarısı qədərdir. Belə ağır cəza çempionatınız üçün yaramır. Bu, faciədir. Batista əsəblərini cilovlaya bilməyərək, yolverilməz hərəkət edib. Buna görə peşman olan futbolçumuz hərəkətinə görə üzr istəyib. Batistaya verilən cəzadan narazıyam. Bu qərarı sizdən eşitdim və klub rəhbərliyi ilə bunu müzakirə edəcəyik”.

Qeyd edək ki, ay yarım məcburi istirahət edəcək Batistanın cəzası Premyer Liqanın qarşıdakı 6 turuna təsadüf edəcək. Kubokda cəzalanan hücumçu elə bu turnirdə də sıraya dönəcək. Belə ki, Vilyam Roşanın cəzası aprelin 30-da “Qarabağ”la keçiriləcək ilk yarımfinal oyununda başa çatacaq.
0