Samir Əliyev: Gede hamını aldatdı, o, bir qəpiklik məşqçi deyildi
13.03.2009 - 18:50
Samir Əliyev: Gede hamını aldatdı, o, bir qəpiklik məşqçi deyildi
“Avrokuboklara çıxmaq üçün yeganə ümidimizi kuboka bağlamışdıq. O da əldən getdi. İndi mövsümün qalan hissəsini adımıza görə oynamalıyıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun hücumçusu Samir Əliyev deyib.

Tarixində ən zəif mövsümünü keçirən flaqman turnir cədvəlində 9-cu pillədədir və lider “Bakı”dan 21 xal geri qalır. Qitə miqyaslı turnirə vəsiqə üçün son şansını Azərbaycan kubokuna bağlayan “Neftçi” “Qarabağ”ı məğlub edə bilmədiyindən (0:1 və 0:0) mübarizəni 1/4 finalda dayandırdı. “Qarabağ”la cavab görüşündə iştirak edən Samir sonradan meydana çıxsa da, gözlənilən qolu vurmağa müvəffəq olmadı: “Uzun müddətdir zədədən əziyyət çəkirəm. Bunun nəticəsində lazımı oyun praktikam olmur. Təbii ki, hücumçu kimi qol vurub, komandama kömək etmək istəyirdim. Ancaq dediyim amilləri nəzərə alsaq, mənə ağır idi. Kubokdakı uğursuzluqdan sonra motivasiya nə qədər böyük olmasa da, meydana çıxıb öz sözümüzü deməliyik. Bu, ilk növbədə komandanın, öz adımıza görə olmalıdır. Sübut etməliyik ki, “Neftçi” elə “Neftçi”dir. Çempionluğa oynayan “İnter”, “Xəzər-Lənkəran” kimi komandalarla oyunlarımız qalıb. Bu prinsipial oyunlarda uğurlu çıxış etməyə çalışmalı, turnir cədvəlində imkan daxilində yuxarı qalxmalıyıq. Biri var 9-10-cu, biri də var 6-cı yerdə olmaq”.

İlk “altılığ”a düşməyə çalışacaqlarını deyən Əliyev cari mövsümdə uğursuzluğa görə günahı keçmiş baş məşqçi Hans-Yurgen Gededə görür. 30 yaşlı futbolçu onu mütəxəssis kimi səviyyəsiz sayır: “Gede “Qarabağ”la ilk oyunda olmasaydı, biz uduzmayacaqdır. Bütün günah ondadır, hamı bunu deyir. Gede hamımızı aldatdı, komandanı pis vəziyyətə saldı. Fikirləşdik ki, Almaniyadan gələn məşqçidir, səviyyəli olar. Ancaq əslində, bir qəpiklik məşqçi deyildi. Gede hələ komandamızda olanda mövsüm bizim üçün getmişdi. O, istefaya göndəriləndən və Böyükağa Ağayev komandanın sükanı arxasına keçəndən sonra oyun planında yaxşılığa doğru dəyişiklər göz qabağındadır. “Neftçi” ilə müqaviləm cari mövsümün sonunda bitir. Gələcək taleyimlə bağlı hələ klub rəhbərliyi ilə söhbətim olmayıb”.
0