“Bakı” İntizam Komitəsinə qarşı çıxır
13.03.2009 - 18:55
“Bakı” İntizam Komitəsinə qarşı çıxır
“Bakı” braziliyalı hücumçusu Vilyam Roşa Batista barədə AFFA-nın İntizam Komitəsinin (İK) çıxardığı qərarla razılaşmır. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün çıxarılan qərara yenidən baxılmasını tələb edir.

Çıxarılan qərara əsasən, Batista XVII Azərbaycan Premyer Liqası, I divizion və Azərbaycan kubokunun “Əsasnamə və Nizam-İntizam qaydaları”nın 49-cu maddəsinə uyğun 6 oyunluq cəzalandırılıb, klub 5000 manat məbləğində cərimələnib. Belə ağır cəza və böyük məbləğdə cəriməyə səbəb kimi, braziliyalının hakimə tüpürməsi göstərilir.

Artıq klubun ünvanına İK-in qərarı daxil olub. Bununla bağlı “Bakı”nın rəsmi saytına klubun məsələ ilə rəsmi mövqeyi açıqlanıb: “Bakı” - “Xəzər-Lənkəran” oyununun 83-cü dəqiqəsində baş hakimin komandamızın futbolçusu Vilyam Roşa Batistanın guya ki, yan xətt hakiminə tüpürdüyünə əsaslanaraq, qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırmasını, bunun da nəticəsində İntizam Komitəsinin qərarı ilə onun 6 oyunluq cəzalandırılması və 5000 (beş min) manat cərimə olunmasını ədalətsiz və qeyri-obyektiv qərar kimi dəyərləndiririk. Oyun başa çatandan dərhal sonra aparılan daxili araşdırma nəticəsində məlum olub ki, Batista protokolda qeyd olunduğu kimi, hakimə qarşı təhqiredici hərəkətə yol verməyib. Futbolçumuz ona qarşı açıq-aşkar qayda pozuntusu yer alan oyun epizodunda hadisə yerindən 2-3 metr məsafədə mövqe tutan yan xətt hakimi İlham Əliyevin əks qərar qəbul etməsindən, əsəb və gərginliyin təsiri altında etirazını bildirib. Təbiidir ki, Əliyevin gözü qarşısında Batistaya qarşı baş verən qayda pozuntusunun qeydə almamağı oyunçunun emosional durumuna təsir göstərib. Həmin dəqiqələrdə hesabda geri olan komandanın bir üzvü kimi açıq-aydın qayda pozuntusunu “görməyən” hakimə özünəməxsus şəkildə etirazını bildirən Vilyam Roşa oyun sonrası hisslərə qapıldığını etiraf edərək, hakimlər briqadasından üzr istəyib. Bununla bərabər, onu bildirməyi vacib sayırıq ki, oyun protokolu və İntizam Komitəsinin iclasının qərarında qeyd edildiyi kimi, oyunçunun hakimə və yaxud başqa bir yarış iştirakçısına qarşı tüpürmə halı baş verməyib”.
0