Hacıyevski: İndi də biz “Karvan”a arzuolunmaz sürpriz yaşadacağıq
14.03.2009 - 12:16
Hacıyevski: İndi də biz “Karvan”a arzuolunmaz sürpriz yaşadacağıq
“Xəzər-Lənkəran”la kubok oyununda göstərdiyimiz əzmkarlıq bizi daha da ruhlandırıb. Yevlaxa həm növbəti qələbə, həm də “Karvan”dan qisas çıxmaq dalınca gedirik”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində sabah Yevlaxda yerli “Karvan” klubunun qonağı olacaq paytaxt təmsilçisi liderliyini qorumaq iddiasındadır. “Bakı” cari mövsümdə ilk məğlubiyyətə məhz “Karvan”la oyunda düçar olub. Özü də Hacıyevskinin komandası evdə böyük hesabla uduzub - 0:3.

Makedoniyalı məşqçi bu məğlubiyyətin təsadüfi olduğunu söyləyib: “Bilirsiniz, həmin vaxt bəzi problemlərimiz oldu və rəqib də bundan yararlandı. Əslində, mən rəqibin uğurunu kiçiltmirəm. “Karvan” həmin vaxt layiqli qələbə qazandı. İndi isə növbə bizimdir. “Bakı” sübut edəcək ki, ilk dövrədəki böyük hesablı məğlubiyyət təsadüf idi. İkinci dövrədə uğurlu çıxış, üstəlik, son iki ildə ölkə kubokunun sahibi olan “Xəzər-Lənkəran”la görüşdə nümayiş etdirdiyimiz oyundan sonra düşərgəmizdə yaxşı ab-hava hökm sürür. Yeganə təəssüf doğuran məqam Vilyam Roşa Batistanın itkisidir. Cəzalı olduğundan braziliyalı hücumçumuzun xidmətindən yararlana bilməyəcəyik”.

“Bakı”nın “Karvan”dan qisas almaq istəyi nə qədər böyük olsa da, Hacıyevski bunu qabartmağı məqsədəuyğun saymır. Hacıyevski Yevlaxdakı görüşdə sakit tərzdə oynayacaqlarını bildirib: “Bu, yalnız bir idman mübarizəsidir. İlk dövrədə “Karvan” bizə arzuolunmaz sürpriz etdi. İndi biz rəqibə eyni aqibəti yaşatmağa çalışacağıq. Bu zaman qətiyyən əsəbi şəkildə oynamaq olmaz. Əksinə, meydanda mübarizlik, ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirib, qələbə qazanmaq lazımdır. “Karvan”la Bakıdakı oyunu yaxşı təhlil edib, bundan nəticə çıxartmışıq. Yevlaxlıların ikinci dövrədə çıxışları haqda məlumatımız var. Bilirik ki, mövsümün ikinci dövrəsində yalnız bir xal toplayıblar, bir qol vurublar və son üç oyunu uduzublar. Ancaq bütün bunlar bizi arxayınlaşdırmır. “Karvan”ın ikinci dövrədə zəif çıxışına aldana bilmərik”.

Qeyd edək ki, “Bakı” Premyer Liqanın ikinci dövrəsində keçirdiyi hər 4 oyunda qələbə qazanıb və qol buraxmayıb.
0