Hiddink: Azərbaycan yığmasında diqqətimi futbolçuların böyük istəklə oynaması çəkdi
17.03.2009 - 10:41
Hiddink: Azərbaycan yığmasında diqqətimi futbolçuların böyük istəklə oynaması çəkdi
“Azərbaycan milli komandasını Finlandiya ilə oyunda görmüşəm. İlk diqqətimi çəkən futbolçuların böyük istəklə oynaması oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının baş məşqçisi Qus Hiddink deyib.

Holland mütəxəssis komandamızla martın 28-də Moskvada keçirəcəkləri rəsmi oyuna ehtiyatla yanaşır: “Əgər yüz faiz konsentrasiya olmasaq, işimizi ciddi çətinləşdirməklə risk edərik. Lixtenşteynlə oyun haqda bir qədər sonra danışmağı təklif edirəm. Çünki həmişə yalnız qarşıdakı rəqibə köklənirəm”.

Azərbaycan və Lixtenşteynlə oyunlara heyət haqda fikrini bildirən Hiddink dəvət etdiyi 22 futbolçunun dəfələrlə çağırıldığını bildirib. Fevralın əvvəlində Türkiyədə keçirilən təlim-məşq toplanışı ilə müqayisədə heyətə cəlb olunanlar arasında İngiltərə Premyer Liqasında çıxış edən millinin liderləri Andrey Arşavinlə Roman Pavlyuçenkonu qeyd etmək olar: “Həmin vaxt bu futbolçuları çağırmamağı məqsədəuyğun saydıq. Türkiyəyə aparılmayan Denis Kolodinlə Dmitri Torbinski artıq zədələrini sağaldıblar. Bir ay öncə, son anda xəstələndiyinə görə sıradan çıxan Konstantin Zıryanov da dəvətlilər sırasındadır. Dəvət etdiyimiz 22 futbolçu hazırkı şəraitdə ən optimal variantdır. Birincisi, nəzərə almaq lazımdır ki, qarşıdakı iki matçımız var. İkincisi, yığmada elə futbolçular var ki, necə deyərlər, vərəqə limitini aşmaq üzrədirlər. Yəni, onlardan kimsə növbəti sarı vərəqəni alsa, gələn oyunu buraxmalı olacaq”.
0