Subaşiç “Çanqçun Yatay”la müqavilə bağlamağa gedib
17.03.2009 - 10:58
Subaşiç “Çanqçun Yatay”la müqavilə bağlamağa gedib
Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiç karyerasını Çində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Belqradın “Srvena Zvezda” klubunun transferə çıxardığı 27 yaşlı futbolçu son bir ayda ikinci dəfə bu ölkəyə yollanıb.

Çin çempionu “Çanqçun Yatay”ın maraq dairəsində olan Subaşiç hazırda klubun düşərgəsindədir. O, bu komandayla müqavilə bağlamağa hazırlaşır. Yığmamızın hazırda Bakıda keçirdiyi təlim-məşq toplanışına cəlb olunan Branimir bu səbəbdən hazırlığa qatılmayıb. Futbolçu baş məşqçi Berti Foqtsdan klub karyerasına aydınlıq gətirmək üçün toplanışa qatılmamağı xahiş edib. Bununla da Branimir yenidən millinin hazırlıq prosesindən kənarda qalıb.

Çinlilərin birbaşa müqavilə təklif etdiyi Branimir həmin vaxt bunu arxa plana keçirməsi səbəbsiz deyildi. Belə ki, Avropada oynamaq istəyən Subaşiçin bu arzusu çin olmadı və burada “transfer pəncərəsi” bağlandıqdan sonra futbolçu bir daha Asiyaya yollanmalı oldu.

Qeyd edək ki, Branimirin “Srvena Zvezda” ilə hələ 2,5 illik müqaviləsi var.
0