Fernando Meyra şokda: Qiymətimin 6,5 milyon avro olduğuna inanmırdım!
17.03.2009 - 12:22
Fernando Meyra şokda: Qiymətimin 6,5 milyon avro olduğuna inanmırdım!
“Qalatasaray” klubundan Rusiya “Zenit”inə keçən portuqaliyalı futbolçu Fernando Meyra hələ də şokdadır. Apasport.az saytının məlumatına görə, rusiyalılara 6,5 milyon avroya satılan 31 yaşlı müdafiəçi transfer qiymətinin çox olduğunu söyləyib. O, Portuqaliya mətbuatına müsahibəsində bildirib ki, maliyyə böhranında “Qalatasaray” rəhbərliyi düzgün qərar verib.

“Mənim transferimdən “Qalatasaray” tər-təmiz 2 milyon avro qazanc götürdü. Açığı, maliyyə böhranında qiymətimin 6,5 milyon avro olduğunu düşünmürdüm” - deyə Meyra vurğulayıb.

Fernando razılaşmanın belə asan alınmasına da təəccüblənib: “Keçidin bu qədər asan olacağını da zənn etmirdim. Hər şey bir neçə günün içində həll olundu”.

Xatırladaq ki, istanbullular Meyranı ötən ilin yayında “Ştutqart”dan 4,5 milyon avroya almışdılar.

Onu da qeyd edək ki, “Zenit”in baş məşqçisi Dik Advokat artıq ikinci dəfədir “Qalatasaray”ın 5 nömrəli futbolçusu ilə anlaşır. Hollandiyalı mütəxəssis 2000-ci ildə Şotlandiyanın “Qlazqo Reyncers” klubunu çalışdırarkən, “sarı-qırmızılılar”dan 5 nömrəli oyunçu Tuqay Kərimoğlunu heyətə cəlb etmişdi. Meyra da İstanbul komandasında 8 ay boyunca 5 nömrə altında oynayıb.
0