Ceyhun Sultanov məşq etmək gücündə deyil
17.03.2009 - 19:01
Ceyhun Sultanov məşq etmək gücündə deyil
“Xəzər-Lənkəran” klubunun üç futbolçusu zədələnib. Apasport.az saytının məlumatına görə, məşq etmək gücündə olmayan yarımmüdafiəçi Ceyhun Sultanovun müalicəsi həftəsonuna qədər davam edəcək. Xeyli müddətdən sonra məşqləri bərpa edən türkiyəli Fatih Sonkaya və bolqar Radomir Todorov da komanda ilə hazırlıq keçmir.

Premyer Liqanın son turunda “Olimpik”lə Lənkəranda keçirilən oyunda yüngül zədə alan hər iki əcnəbi futbolçu fərdi proqram üzrə çalışırlar. Qarşıdakı turda MOİK-lə oyunun hazırlığına başlayan “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov səhər nəzəri, axşam isə toplu hazırlıq keçir. 49 yaşlı mütəxəssisin sözlərinə görə, “hərbçilər” turnir cədvəlinin sonunda yer almasına baxmayaraq, onlarla görüş kifayət qədər önəm daşıyır. Ponomaryov hesab edir ki, psixoloji vəziyyəti ürəkaçan olmayan komandanın qələbəyə böyük ehtiyacı var.

Qeyd edək ki, “Xəzər-Lənkəran”ın iki futbolçusu – qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Rahid Əmirquliyev milli komandaya dəvət olub.
0