Azərbaycan çempionu ikinci divizion klubunda
18.03.2009 - 14:12
Azərbaycan çempionu ikinci divizion klubunda
İkiqat Azərbaycan çempionu Valeri Abramidze yeni klub axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, 29 yaşlı gürcüstanlı müdafiəçi Barnaul “Dinamo”sunda baxışdadır. O, son klubu olan Mahaçqala “Anji”sində bir yerdə çıxış etdiyi həmyerlisi, hücumçu Mixail Aşvetiya ilə birgə sınanır.

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan Barnaul təmsilçisi martın 28-də geri dönəcək. Valeri baxışda olduğu klubun heyətində yoxlama oyununda meydana çıxıb. Gürcü müdafiəçinin “Dinamo”ya keçidi baş tutarsa, Rusiya çempionatının ikinci divizionunda çıxış edəcək. Abramidze ötən mövsüm “Anji”nin heyətində birinci divizionun iştirakçısı olub.

2005-2007-ci illərdə ölkəmizdə çıxış edən Abramidze “Neftçi” və “Xəzər-Lənkəran”ın heyətində Azərbaycan çempionu olub. O, həmçinin flaqmanla bürünc medal və “Birlik kuboku”, Lənkəran təmsilçisi ilə ölkə kubokunu qazanıb.
0