“Bakı” əvvəl AFFA-dan, sonra FİFA-dan xoş xəbər gözləyir
18.03.2009 - 16:32
“Bakı” əvvəl AFFA-dan, sonra FİFA-dan xoş xəbər gözləyir
“Bakı” klubunun braziliyalı hücumçusu Vilyam Roşa Batistanın məsələsinə sabah baxılacaq. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.

AFFA-nın İntizam Komitəsinin 6 oyunluq cəzalandırdığı və 5000 manat cərimə etdiyi Batista “Xəzər-Lənkəran”la Azərbaycan kuboku uğrunda 1/4 final mərhələsinin cavab görüşündə hakimə tüpürməkdə təqsirli sayılır. Bu cəzanı ağır hesab edən “Bakı” rəhbərliyi Apelyasiya Komitəsinə etdiyi şikayətə müsbət cavab veriləcəyinə inanır: “Bizə verilən məlumata görə, Batista ilə bağlı apelyasiyamıza sabah baxılacaq. Apelyasiya Komitəsindən ədalətli qərar gözləyirik. Futbolçumuz tüpürmədiyi üçün verilən cəza ağırdır. Batistanın hakimə tüpürməsini sübut edən fakt olmadığı halda, onun haqda belə qərar çıxarmaq düzgün deyil”.

“Bakı”nın digər əcnəbi hücumçusu Hasan Suari ilə də bağlı problem qalmadadır. Mərakeşli futbolçunun vətənində çıxış etdiyi “Olimpik” (Huriqba) klubundan birdəfəlik ayrılmaq cəhdi hələ ki nəticə vermir. Məmmədovun “1+1 il” şərti ilə anlaşdıqları Suarinin də məsələsinə müsbət həll olunacağına inamı böyükdür: “Hasan komandamızın heyətində hazırlığını davam etdirir. Sadəcə, transfer vərəqəsi gəlmədiyi üçün meydana çıxa bilmir. Suari Bakıda olsa da, onun məsələsini həll edən şəxslər var. Futbolçunun agenti və vəkili problemi yoluna qoymaqla məşğuldur. Onlar bu məqsədlə FİFA-ya müraciət ediblər. Hasanın dediyinə görə, son klubu ilə ötən ilin sentyabrından yollarını ayırıb və bu müddətdə onlardan məvacib almayıb. Futbolçunun 6 illik müqavilə bağlaması mümkün deyil, 5 illik anlaşmanın müddəti isə artıq başa çatıb. Ancaq Hasanın klubu hələ yaya qədər müqaviləsinin olduğunu iddia edir. Futbolçumuzun haqlı olduğunu yaxın günlərdə FİFA sübuta yetirdikdən sonra onun xidmətindən istifadə edə biləcəyik”.
0