Zinəddin Zidanı futbola qaytarırlar - FOTO
18.03.2009 - 17:10
Zinəddin Zidanı futbola qaytarırlar - FOTO
Məşhur yarımmüdafiəçi Zinəddin Zidan yenidən futbol oynaya bilər. Apasport.az saytının məlumatına görə, Braziliyanın “Korintians” klubu üç il öncə karyerasını bitirmiş fransız futbolçuya müqavilə təklif edəcək. Bu haqda məlumat verən komandanın vitse-prezidenti Mario Qobbi bildirib ki, Zidan kimi məşhur futbolçunu yaşıl meydana qayıtmaq üçün dilə tutmaq fikrindədirlər.

Zinəddinin “Korintians”a keçidi çətin məsələ olsa da, Qobbini ümidləndirən məqam var. Məsələ ondadır ki, bir müddət öncə Ronaldonun da transferi real görünməsə də, bu, sonda gerçəkləşdi. Ötən ilin dekabrında “Korintians”la müqavilə bağlayan 33 yaşlı braziliyalı hücumçu bu ay yeni klubunda debüt etdi. Ronaldo ilə Zidan 4 il (2002-2006) Madridin “Real” klubunda bir yerdə oynayıblar. Fransa yığmasının heyətində həm dünya, həm də Avropa çempionu olan Zinəddin 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatından sonra futbolçu karyerasını bitirib. Bundan sonra onun futbolçu karyerasını bərpa edəcəyi haqda bir neçə dəfə söz-söhbət gəzsə də, bu, öz təsdiqini tapmayıb.
0