Koşta Azərbaycan yığmasını Braziliya ilə müqayisə etdi
19.03.2009 - 00:02
Koşta Azərbaycan yığmasını Braziliya ilə müqayisə etdi
“Seçmə mərhələdə bizim üçün bir oyun var – Azərbaycanla görüş. Komandamıza yalnız bu rəqib hər hansı problem yarada bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Portuqaliya milli komandasının veteranı Pedro Koşta deyib.

Doqquz ildir yığmanın şərəfini qoruyan futzalçı bu gün Portuqaliyanın Viana-du-Kaştelya şəhərində start götürəcək Avropa çempionatının seçmə mərhələsinin əsas favoriti olduqlarını düşünür. Lakin təcrübəli futbolçu ilk matçda qarşılaşacaqları Azərbaycan yığmasından çəkindiklərini də gizlətməyib: “Təbii ki, səviyyəyə görə biz daha güclüyük. Lakin rəqibimiz beş braziliyalı oyunçunu milliləşdirərək gücünə güc qatıb. Üstəlik, bu komandanı Alesio da Silva kimi tanınmış mütəxəssis çalışdırır. Əgər braziliyalı məşqçi öz texnikalı oyun üslubunu yetirmələrinə aşılaya bilsə, işimiz çox çətin olacaq”.

Koşta Azərbaycan yığmasını Braziliya ilə müqayisə etməkdən də çəkinməyib: “Rəqibimiz bu turnirdə oyun tərzlərinin vəhdətini ortaya qoymaqla seçiləcək. Birincisi, Azərbaycan futzalını tərənnüm edən sürət, aqressivlik, rəqibi daim təzyiqdə saxlamaq və fiziki hazırlıqlılıq qeyd olunmalıdır. İkincisi isə komandanın texniki və taktiki hazırlığı orta Braziliya səviyyəsindən yuxarıdır. Onların heyətə cəlb etdiyi legionerləri də yaxşı tanıyıram. Uzun illər Rusiyada çıxış edən Serjao bizim “Benfika”lı Paulo Sezardan qat-qat güclüdür. Elə həmin “Benfika”da parlamış Andre Kamposun da nəyə qadir olduğunu bilirik. “Fonda Xorxe Antuneş”dən tanıdığımız Rene Noronxanın texnikasına isə bir çox oyunçular həsəd aparır”.

Qeyd edək ki, Azərbaycan və Portuqaliya milli komandalarının yer aldığı qrupda Polşa və Finlandiya yığmaları da mübarizə aöarır.
0