Fabio Luis Ramim: Moskvadan minimum bir xalla qayıtmaq istəyirik
19.03.2009 - 00:12
Fabio Luis Ramim: Moskvadan minimum bir xalla qayıtmaq istəyirik
“Rusiya yığması güclü komandadır. Buna baxmayaraq, biz Moskvadakı oyuna ciddi hazırlaşıb, qənaətbəxş nəticə qazanmağa çalışacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının yarımmüdafiəçisi Fabio Luis Ramim deyib.

“Bakı” klubunda çıxış edən 27 yaşlı milliləşən braziliyalı futbolçu Rusiya ilə martın 28-də keçiriləcək görüşdə xal qazanmağı real sayır: “Artıq uzun müddət hazırlıq keçiririk. Qarşıdakı matçda psixoloji problemlərimiz yaranarsa, bunu baş məşqçimizin tövsiyələri sayəsində aradan qaldıra bilərik. Moskvada minimum bir xal götürmək istəyirik. Standard vəziyyət üzərində yenə də çalışıram. Bu yolla rəqib qapısına qol vurmaq işimi təkrarlamağa çalışacağam”.

Qeyd edək ki, Ramim milli komandamızda hər üç qolu standard vəziyyətdən vurub. Bunlar ikisi cərimə, biri isə penalti zərbəsi zamanı reallaşıb.
0