Elxan Məmmədov: İndi birinci divizion komandalarının standartı Premyer Liqaya uyğun gəlmir
18.03.2009 - 20:10
Elxan Məmmədov: İndi birinci divizion komandalarının standartı Premyer Liqaya uyğun gəlmir
“Biz Premyer Liqanın formatının dəyişdirilməsini mənfi qarşılamırıq”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Onun sözlərinə görə, AFFA-nın son konfransında Premyer Liqanın formatının dəyişdirilməsi ilə bağlı müsbət qərar qəbul olunub: “Premyer Liqadan iki komandanın birinci diviziona düşməsi o deməkdir ki, orada səviyyə daha güclü olacaq. Bizə də elə bu lazımdır. Bundan sonra Premyer Liqada səviyyə artacaq. İndi birinci divizionda komandaların standartı Premyer Liqaya uyğun gəlmir. Bu da ona görə gözəl haldır ki, son 2-3 ildə güclülər dəstəsinin səviyyəsi qalxıb. Bu gün artıq birinci divizion komandası başa düşür ki, bu standartla yuxarı qalxa bilməz. Xatırlayırsınızsa, Bərdənin ABN klubu keçən mövsüm iştirak etsə də, sonda maliyyə problemi ucbatından çıxışını davam etdirə bildi. Bütün bunları nəzərə alsaq, deyə bilərəm ki, qəbul olunan qərar müsbətdir”.

Baş katib bildirib ki, cari mövsümün yekununa əsasən birinci diviziondan Premyer Liqaya komandanın gəlməyəcəyi ilə bağlı qərar əsassız qəbul olunmayıb: “Ramin Musayev bununla bağlı konfransda çıxış etdi. O, bunu rəhbərlik etdiyi Peşəkar Futbol Liqasına daxil olan məktuba əsasən deyir. Konkret olaraq, birinci divizionun lideri Qusarın “Şahdağ” klubundan rəsmi sənəd gəlib. 12 komanda qalacaq, 13 və 14-cü yeri tutanlar birinci diviziona düşəcək. Bununla aşağı dəstənin səviyyəsi qalxacaq. Premyer Liqada oynamaq üçün xüsusi lisenziya almaq lazımdır. Bu, AFFA tərəfindən verilir. Bütün inkişaf olan futbol ölkələrində lisenziyalaşdırma prosesi gedir. AFFA-nın da bu sistemi tətbiqi çox müsbətdir. Bunun da nəticəsini Azərbaycan futbolu 3-4 ildən sonra görəcək”.
0