“Azərbaycan yığması mənim üçün torbada olan pişikdir”
25.03.2009 - 15:25
“Azərbaycan yığması mənim üçün torbada olan pişikdir”
“Açığı, Azərbaycan milli komandası mənim üçün torbada olan pişikdir. Bu yığmanın futbolçularının nəyə qadir olduğunu bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri rusiyalı veteran futbolçu Vladimir Ponomaryov deyib.

69 yaşlı mütəxəssis SSRİ çempionu, SSRİ-nin əməkdar idman ustasıdır. 1966-cı ildə məşhur futbolçumuz Anatoli Banişevski ilə birgə SSRİ yığmasının heyətində Avropa çempionatında 4-cü yeri tutan Ponomaryovun fikrincə, milli komandamızdan çəkinməyə dəyər: “Azərbaycan yığması haqda məlumatım olmasa belə, istənilən rəqibdən ehtiyatlanmaq lazımdır. Oyuna köklənməsən, heç nə alınmayacaq. Bununla belə, əminəm ki, yığmamız Azərbaycanla oyuna tam toparlanaraq çıxacaq. Futbolçularda həm də acı təcrübə olduğundan, köhnə səhvləri təkrarlamaq lazım deyil”.

Digər rusiyalı veteran futbolçular da yığmamızla oyun haqda fikirlərini bildirib. Sergey Andreyevin fikrincə, Azərbaycan Rusiyaya qarşı heç nə edə bilməyəcək: “Onlar arxaya çəkilərək, zərbələri dəf edib, əks-hücumlara bel bağlayacaq. Əsas məsələ arxayınlaşmaqdan qaçmaqdır”.
Yuri Qavrilov da yığmamızın Moskvada qapalı oynayacağını söyləyib: “Azərbaycanlılar əks-hücumlarda nadir şansları ələ keçirərək, standard vəziyyətlərə bel bağlayacaq. Diqqətlə oynasa, Rusiya yığması heç bir xoşagəlməzliklə üzləşməyəcək”.

Valentin İvanov bildirib ki, Azərbaycanla görüşdə heç nədən çəkinmək lazım deyil: “Oynayıb, qələbə qazanmalıyıq. Etiraf edim ki, Azərbaycanın hansısa şansının olmasına inanmıram”.

Ötənlərin məşhur rus futbolçuları da oyuna proqnoz veriblər. Minimum 2:0 hesablı qələbə qazanacaqlarını deyən Andreyev Azərbaycanın qapısından üç top keçirəcəklərini də istisna etməyib. Qavrilov da yığmalarının 2:0 hesablı qələbəsini proqnozlaşdırıb. İvanov Azərbaycana 3:0 hesabı ilə qalib gələcəklərini bildirdiyi halda, Ponomaryov böyük hesablı qələbədən dəm vurmayıb: “Oyun 2:0 hesabı ilə xeyrimizə çatacaq. Bu, bizim üçün kifayətdir”. Vladimir Pilquy isə proqnoz verməyin yaxşı iş olmadığı üçün, hesab deməkdən imtina edib.
0