“Karvan”da maliyyə problemi: 4 futbolçu komandadan getdi
01.04.2009 - 17:48
“Karvan”da maliyyə problemi: 4 futbolçu komandadan getdi
Moldovalı hücumçu Anatoli Doroş Yevlaxın “Karvan” klubundan ayrılıb. Bu haqda apasport.az saytına futbolçunun özü məlumat verib. Kişinyova qayıdan Doroş komandanı öz istəyilə tərk etdiyini bildirib: “Bu, 1 aprel zarafatı deyil. Hazırda mən vətənimdəyəm və müqaviləmin bitməsini gözləyirəm. Cari mövsüm bitəndən sonra sərbəst futbolçu olacağam. “Karvan”dan getmək istəməzdim. Ancaq belə alındı. Təbii ki, bunun da səbəbi var. Bu, pulla bağlıdır. Komanda mənə borcunu vermədiyi üçün ailəmi də götürüb, Kişinyova qayıtdım”

Ötən yay “Karvan”a keçən 25 yaşlı hücumçu ölkə kubokunu da nəzərə alsaq, 18 oyunda 6 qol vurub. Doroş milli çempionatımızda, ümumilikdə 49 görüşdə 18 dəfə fərqlənib. Bu, “Karvan”, “Standard” və “MKT-Araz”da olub.

Qeyd edək ki, maliyyə problemləri “Karvan”da yarpaq tökümünə səbəb olub. Doroşla yanaşı, yarımmüdafiəçi Alim Qurbanov, afrikalı hücumçular – Süleyman Kamara, Hisleyn Emo da komanda ilə yollarını ayırıb. Fasilə müddətində vətənlərinə yollanan gürcülər – müdafiəçi Aleksandr İntskirveli və Mixail Mesxinin də gələcək taleyi sual altındadır.