Maradonanın komandasını biabır etdilər
02.04.2009 - 09:42
Maradonanın komandasını biabır etdilər
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti görüşünü keçirən Argentina yığması darmadağınla üzləşib. Apasport.az saytının məlumatına görə, əfsanəvi Dieqo Maradonanın baş məşqçi olduğu komanda səfərdə Boliviyaya 1:6 hesabı ilə uduzmaqla, tarixinin antirekordunu təkrarlayıb.

Belə ki, ilk matçını 1902-ci ildə keçirən Argentina bu müddətdə daha acınacaqlı məğlubiyyətlə üzləşməyib. Boliviyada beş top fərqi ilə uduzan ikiqat dünya çempionları ən pis halda, elə bu fərqlə məğlub olmuşdu. Üç dəfə belə üzüntü yaşayan Maradonanın həmvətənləri bir dəfə evdə, bir dəfə səfərdə, bir dəfə neytral meydanda məyus olmuşdu.

Bu biabırçılıqların ikisi Maradona anadan olmamışdan əvvələ təsadüf etmişdi. Sonuncu uğursuzluq isə argentinalıları 1994-cü ilin dünya çempionatından kənar qoya bilərdi. Cənubi Amerika zonasının son matçındakı həmin rüsvayçılıq komandanın Okeaniya zonasının qalibi Avstraliya ilə oynamasına səbəb olmuşdu ki, cənubi amerikalılar bu rəqibin öhdəsindən gələ bildi.

Argentina yığmasının ən böyük hesablı məğlubiyyətləri

15.06.1958 Argentina – Çexoslovakiya 1:6 (Helsinborq, İsveç)
16.12.1959 Uruqvay – Argentina 5:0 (Quayakil, Uruqvay)
05.09.1993 Argentina – Kolumbiya 0:5 (Buenos-Ayres, Argentina)
01.04.2009 Boliviya – Argentina 6:1 (La-Pas, Boliviya)