Fatih Terim günahı Volkanın üstünə yıxdı
02.04.2009 - 10:19
Fatih Terim günahı Volkanın üstünə yıxdı
“Bu gün çox maraqlı qollar buraxdıq. Qapımıza vurulan ikinci qol haqqında isə deməyə söz tapmıram”. Apasport.az saytının məlumatına görə, bunu dünya çempionatının seçmə mərhələsi çərçivəsində öz meydanında İspaniyaya uduzan (1:2) Türkiyə yığmasının baş məşqçisi Fatih Terim deyib.

56 yaşlı mütəxəssis məğlubiyyətdə qapıçı Volkan Dəmirəli günahlandırıb: “İspaniya kimi güclü komandalarla görüşdə yaratdığınız real qol epizodlarını reallaşdırmalısınız. Əks təqdirdə, məğlubiyyətlə barışmalı olacaqsınız. Bugünkü oyunda Volkan səhv buraxdı. O, penalti epizodundan öncə səhvə yol vermişdi”.

Fatih Terim bildirib ki, qarşılaşmanın ən azı heç-heçə nəticələnməsini arzulayıb: “Yetirmələrimlə də danışmışdım. Onlara qələbə qazanmasaq da, heç-heçəyə nail olmağımızı söyləmişdim. Belə olacağı təqdirdə, qrupumuzda ikinci pillədə qərarlaşan Bosniya və Herseqovina ilə xal fərqi 3-ə enəcəkdi. Pley-offa vəsiqə qazanmaq üçün bundan sonra təkcə bizim qələbələrimiz kifayət etməyəcək. Eyni zamanda, bizə Bosniya və Herseqovinanın da uduzması lazımdır”.

Qeyd edək ki, “ay-ulduzlular” martın 28-də səfərdə də İspaniyaya 0:1 hesabı ilə uduzublar.