Elxan Məmmədov: Foqtsun taleyinə ilin sonunda aydınlıq gələcək
02.04.2009 - 11:59
Elxan Məmmədov: Foqtsun taleyinə ilin sonunda aydınlıq gələcək
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ölkəmizə aprelin 15-də qayıdacaq. Apasport.az saytının xəbərinə görə, bu haqda lent.az-a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, almaniyalı mütəxəssis yığmamızın Rusiya ilə martın 28-də keçirdiyi 2010-cu il dünya çempionatının seçmə qrup matçından sonra Uelsə yollanıb. O, aprelin 1-də Kardiff şəhərindəki “Millenium” stadionunda baş tutan Uels – Almaniya matçını izləyib. Hər iki ölkə millimizin 4-cü seçmə qrupdakı rəqibləridir. Yığmamız növbəti rəsmi oyununu iyunun 6-da Bakıda Uelsə qarşı keçirəcək. Daha sonra komandamız avqustun 12-də Almaniyanı qəbul edəcək. Millimizin rəqibləri haqda məlumatlar toplayan Foqtsun ölkəmizə qayıdanadək iki həftəlik müddətdə hansı işləri görəcəyinə isə AFFA rəsmisi belə aydınlıq gətirib: “Baş məşqçimizə bəzi tapşırıqlar da verilib. Amma onları açıqlamaq istəməzdim. Hər halda Foqtsla müqavilədə göstərilib ki, o, ayda minimum iki həftə yığma komandamızla bağlı işləri görməlidir. Aprelin 20-də millimiz yenidən 4 günlük təlim-məşq toplantısı keçirəcək. Yəni, baş məşqçimiz müqavilə şərtlərinə əməl edir”.

Məmmədov hələlik Foqtsla yeni müqavilənin bağlanılma məsələsinə aydınlıq gəlmədiyini də vurğulayıb. Onun sözlərinə görə, baş məşqçinin hazırkı anlaşması 2009-cu ilin axırında başa çatacaq. İlin sonlarınadək keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında almaniyalı mütəxəssisin fəaliyyətinə qiymət veriləcək və onunla yeni müqavilənin imzalanıb-imzalanmama məsələsinə baxılacaq: “Hələlik biz Foqtsun işindən razıyıq. Bir müddət öncə keçirilən AFFA-nın konfransında futbol ictimaiyyətinin nümayəndələri onun fəaliyyətini qənaətbəxş hesab etdilər”.
0