Yunis Hüseynov “Karvan”da baş verənlərə aydınlıq gətirdi
02.04.2009 - 12:09
Yunis Hüseynov “Karvan”da baş verənlərə aydınlıq gətirdi
“Komandamızda maliyyə problemi yoxdur. Bununla bağlı deyilənlər doğru deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Bu il 5 yaşı tamam olacaq əyalət təmsilçisini hələ mövsüm bitməmiş dörd futbolçu tərk edib. Əcnəbi hücumçular - Anatoli Doroş, Süleyman Kamara, Hisleyn Emo və yarımmüdafiəçi Alim Qurbanov artıq komandadan ayrılıb. Hüseynov gürcü legionerlər – müdafiəçi Aleksandr İntskirveli ilə yarımmüdafiəçi Mixail Mesxinin komandanı tərk etmədiyini bildirib: “Hər iki gürcü futbolçu hazırlığımızda iştirak edir. Afrikalı hücumçuları özümüz çıxartdıq. Süleyman Kamara xeyli vaxtdır ayağındakı zədədən əziyyət çəkdiyi üçün oynamırdı. Son zamanlar gördüm ki, axsayır, qaçanda ayağını çəkir. Kamaranın belə vəziyyətdə bizə kömək edə bilməyəcəyi üçün onunla vidalaşmağa qərar verdik. Gənc futbolçu olan Emoya bir neçə dəfə şans verdim. Ancaq özünü doğrultmadığı üçün komandada saxlamamağı daha məqsədəuyğun saydıq”.

Doroşla Qurbanov apasport.az saytına açıqlamalarında “Karvan”ı maliyyə probleminə görə tərk etdiklərini söyləyib. Hər iki futbolçunun sözlərinə görə, klub onlara borclu olduğu mövsüm bitməmiş getməyə qərar veriblər. Ancaq 44 yaşlı çalışdırıcı maliyyə problemlərinin olmasını təkzib edib: “Komandada islahatlar aparmırıq.
Anatoli Doroşla Alim Qurbanovu biz çıxartmamışıq. Onlar öz istəkləri ilə gediblər. Alim xahiş etdi ki, komandadan gedişinə yaradaq, biz də ona əngəl olmadıq. Doroş da “Karvan”ı tərk etmək istədiyini söylədi. Mən də buna etiraz etmədim. Anatolinin hazırkı səviyyəsindən narazı qalmağımızdan söhbət getmir. Doroşla Qurbanov özləri gediblər”.

Hüseynov “Karvan”ın maliyyə probleminə görə fəaliyyətini dayandırmasına əsas görmür: “Bizi belə təhlükə gözləmir. “Karvan” dağılmır və inşallah, belə aqibətlə üzləşmərik. Dünyadakı maliyyə böhranının bizə təsiri yoxdur. Bu 4 futbolçudan başqa qalanları komandada qalıb. “Transfer pəncərəsi” bağlı olduğu üçün yeni futbolçu ala bilmərik. Mövsümü elə bu heyətlə başa vurub, sonradan yeni oyunçular cəlb edəcəyik”.

Qeyd edək ki, Doroş “Standard”da da Hüseynovun rəhbərliyi altında oynayıb.
0