Şok: Hakim meydana tapança ilə çıxdı!
02.04.2009 - 12:45
Şok: Hakim meydana tapança ilə çıxdı!
Rumıniya çempionatında qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Popesti Stefan” - “Unirea Draqalina” matçında tapançadan istifadə olunub. Özü də bu silahdan qarşılaşmanın yan xətt hakimi yararlanıb.

Belə ki, həmin hakim mübahisəli epizodda ev sahiblərinin qapısına vurulan qolu qeydə alıb. Bu səbəbdən yerli azarkeşlər ona kəskin təzyiq göstəriblər. Məcburiyyət qarşısında qalan hakim özünü qorumaq üçün fasilədə tapança götürüb.

Yaxşı ki, o, ikinci hissədə heç kimə atəş açmayıb. “Unirea Draqalina”nın 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan dərhal sonra hakim əlində bayraq, belində isə tapança iti addımlarla meydançanı tərk edib. Bu epizod həvəskar kamera tərəfindən çəkilib. Daha sonra belində tapança olan hakimin şəkilləri mətbuatda yayımlanıb.

Ədalət təmsilçisi dərhal polis bölməsinə çağırılıb. Onun hərəkəti ilə bağlı həm hüquq-mühafizə orqanlarına, həm də Hakimlər Komitəsinin rəhbərliyinə ifadə verdiyi bildirilir.
0