“Karvan” rəhbərliyi heç Doroşun qaldığı evin kirayə pulunu da vermirdi” - EKSKLÜZİV
02.04.2009 - 13:15
“Karvan” rəhbərliyi heç Doroşun qaldığı evin kirayə pulunu da vermirdi” - EKSKLÜZİV
Moldovalı FİFA agenti İon Karpın apasport.az saytına eksklüziv müsahibəsi

- Bildiyimizə görə, Anatoli Doroşun menecerisiniz. Onun Yevlaxın “Karvan” klubunu tərk etməsinin səbəbi nədir?
- Artıq xeyli vaxtdır Doroşla əməkdaşlıq edirəm. Onun əvvəllər də Azərbaycan klublarına keçidinə vasitəçi olmuşam. Anatolinin gedişinə səbəb yalnız maliyyə problemidir. “Karvan” Doroşa olan borcunu vermirdi.

- Problem nə vaxtdan yaranmışdı?
- Doroş ötən ilin dekabrından pulunu almırdı. Həmin vaxtdan indiyədək gözlədi. Ümid edirdik ki, problem həllini tapacaq. Mən də “Karvan” rəsmilərinə bir neçə dəfə müraciət etdim. Ancaq buna heç bir reaksiya vermədilər. Son nəticədə vəziyyət belə alındı.

- Doroşun alacağı məbləğ nə qədər idi?
- Məvacibi 4000 dollar idi. Ancaq son 4 ayda bunu ala bilmirdi. Hətta Doroş razılaşdırılan məvacibin yarısına da oynamağa hazır idi. Ancaq bunu da vermədilər.

- Bəs sonda pul verdilər?
- Cəmisi 1000 dollar aldı ki, “Karvan”da son dörd ayda qazancı bu qədər oldu. Anatoli bu məbləği alandan dərhal sonra xanımını da götürüb, Moldovaya qayıtdı. O, artıq belə acınacaqlı vəziyyətə dözə bilmədi.

- Futbolçunun başqa problemi nə idi?
- Doroş Bakıda kirayədə yaşayırdı. Ona paytaxtda ev tutulmuşdu. Ancaq kirayə pulu da verilmirdi. Nəticədə Anatoli həmin evdən çıxdı. Son vaxtlar orda-burda yaşayırdı. 1000 dolları alandan sonra biletini alıb, vətəninə yollandı.

- Doroş “Karvan”a qədər ölkəmizdə “MKT-Araz” və “Standard” klublarında da oynayıb. “MKT-Araz” 2007-ci ilin avqustunda dağıldıqdan sonra “Standard”a keçdi. Ancaq həmin mövsüm elə ilk dövrədən sonra ölkəmizi tərk etdi...
- Doroş “Standard”da da problemlə üzləşmişdi. Buna görə komandada çox qalmadı. Mən baş məşqçi Yunis Hüseynovda günah görmürəm. Sadəcə, klubun futbolçuya qarşı belə münasibəti düzgün deyil. Baş verənlər məni məyus etdi. Axı Azərbaycan mənim üçün yaxın ölkədir. Bakıya tez-tez səfər etmişik, bır sıra futbolçuların buraya gəlişində vasitəçi olmuşam. Ölkənizdə çoxlu dostlarım var.

- Anatolinin gələcək taleyi necə olacaq? Onun “Karvan”la müqaviləsi nə vaxt bitir?
- Cari mövsümün sonunda. Yəni, mayın ortasında Azərbaycan Premyer Liqasında axırıncı turdan sonra Doroş sərbəst futbolçu olacaq. Bundan sonra onun yeni kluba keçidini həll edəcəyik.
0