Azərbaycan UEFA kubokunun qalibini tarixə saldı
02.04.2009 - 15:23
Azərbaycan UEFA kubokunun qalibini tarixə saldı
Azərbaycan milli komandası Rusiya yığmasının yarımmüdafiəçisi Konstantin Zıryanovu tarixə salıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu milli komandamızın hesabına öz yığmasının tarixinə düşüb.

Məsələ ondadır ki, Zıryanov Rusiya millisinin tarixində ilk iki rəsmi oyunda qol vuran 4-cü futbolçu oldu. O, Azərbaycanla martın 28-də Moskvada keçirilən görüşün (2:0) 71-ci dəqiqəsində son nöqtəni qoymuş, Lixtenşteynlə matçda isə yeganə qolu (38-ci dəqiqə) vurub. Buna qədər Rusiya yığmasında İqor Simutenkov (1997-ci il), Vladimir Besçastnıx (1999) və Aleksandr Kerjakov (2007-ci il) ilin ilk iki rəsmi oyununda fərqlənib. Zıryanov isə mütləq rekordçu ola bilər. Belə ki, indiyədək Rusiya millisinin heç bir futbolçusu ilk üç görüşdə qol vurmayıb. Bunun üçün Konstantin iyunun 10-da Finlandiya ilə səfər oyununda da rəqib qapısına yol tapmalıdır.

Qeyd edək ki, Zıryanov çıxış etdiyi Sankt-Peterburqun “Zenit” klubunun heyətində Rusiya çempionu, UEFA kuboku və UEFA Superkubokunun qalibi olub.
0