Mais Mənsimov: ...komandadan ciddi uğur gözləmək mənasızdır
02.04.2009 - 16:34
Mais Mənsimov: ...komandadan ciddi uğur gözləmək mənasızdır
Aprelin 5-də “Xəzər-Lənkəran” klubunun yeni təlim-məşq mərkəzinin açılışı olacaq. Apasport.az saytının məlumatına görə, mərasim həmin gün Premyer Liqanın növbəti turunda “Standard”la oyundan öncə keçiriləcək.

Lənkəran şəhər stadionunun ərazisində inşa edilən yeni qurğu klub və komanda üzvlərinin, eləcə də, qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulmuş 4 mərtəbəli binadan, böyük hovuz (30mx17m), sauna və trenajor zallarından, 60 nəfərlik yeməkxanadan ibarətdir. Binanın 5-ci mərtəbəsində yay kafesi fəaliyyət göstərəcək. Burada, həmçinin sakinlərin boş vaxtını fəal istirahətə həsr edə bilməsi üçün bilyard və tennis masaları yerləşdirilib.

“Xəzər-Lənkəran” oyunlara yeni, daha müasir və bir çox beynəlxalq standartlara cavab verən təlim-məşq mərkəzində hazırlaşa biləcək. Prezident Mais Mənsimov klubun rəsmi saytına açıqlamasında yeni mərkəzin açılışını “Xəzər-Lənkəran”ın böyük uğuru kimi qələmə verib: “Biz bir daha göstəririk ki, “Xəzər-Lənkəran” bütün istiqamətlərdə inkişaf edən klubdur. Anlayırıq ki, keyfiyyətli təlim-məşq üçün şərait olmasa, komandadan ciddi uğur gözləmək mənasızdır. Dəfələrlə “Xəzər-Lənkəran”ı böyük məqsədləri olan klub adlandırmışıq. Bu məqsədlərə çatmaq üçün üzərimizə böyük və ağır məsuliyyət düşür. Amma nə qədər çətin olsa da, gec-tez klubumuz və komandamızı yüksək qitə standartları səviyyəsinə çatdıracağıq”.

Saat 14:00-da başlayacaq açılış mərasiminə AFFA prezidenti Rövnəq Abdullayev və klubun fəxri prezidenti Mübariz Mənsimov da dəvət olunub.
0