“Pirin” niyə Naci Şensoyu seçib?
02.04.2009 - 23:00
“Pirin” niyə Naci Şensoyu seçib?
Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoyun Bolqarıstanın “Pirin” komandasının sükanı arxasına keçməsinin əsl səbəbə məlum olub. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının son turlarındakı uğursuzluqlardan bezən rəhbərlik baş məşqçi Petar Mixtarskini istefaya göndərsə də, onun xələfini seçməkdə problemlə üzləşib.

Belə ki, ardıcıl 5 məğlubiyyətdən sonra məşqçisiz qalan komandanın çalışdırıcı postuna Şensoydan başqa daha iki namizəd var idi: Agel Çervenkov və Stepan Deveriç. Seçimini türk mütəxəssisin üzərində dayandıran Blaqoevqrad təmsilçisinin prezidenti Nikolay Qalçev qərarı belə əsaslandırıb: “Bizim bir baş məşqçi postumuz və ora üç namizədimiz var idi. Seçim edərkən bir çox məqamlara nəzər yetirdik. Qərarımıza daha çox təsir edən o oldu ki, digər iki namizəddən fərqli, Şensoy məşqçilik üzrə “Pro” lisenziyasına malikdir. Bu da məhz onun “Pirin”in baş məşqçisi olmağının əsas səbəbidir. Digər məqam isə kosovolu mütəxəssisin Avropanın nüfuzlu komandalarında çalışmağıdır. Biz də məhz belə zəngin təcrübəyə malik məşqçi istəyirdik”.

Qalçevin sözlərinə görə, Şensoy onunla söhbətdə komandanın nəticələrinin yaxşılaşmasına nail ola biləcəyini vəd edib. “Pirin”in baş məşqçi postundakı debüt matçı Şensoy üçün xüsusi prinsipiallıq daşıyır. Belə ki, çalışdırıcı cari mövsümün startında rəhbərlik etdiyi və birinci dövrənin ortalarındaca ayrıldığı “Belasitsa” ilə görüşəcək.

Hazırda 16 komanda arasında 11-ci olan Şensoyun indiki komandası sonuncu pillədən qurtula bilməyən rəqibini 4 xal qabaqlayır. Aprelin 5-də “Belasitsa”nın meydanında görüşəcək rəqiblərin birinci dövrədəki oyununda bu komandaya rəhbərlik edən Şensoy “Pirin”ə 0:2 hesabı ilə uduzmuşdu.
0