AFFA-nın cəzalandırdığı hakim UEFA-ya çağırıldı
02.04.2009 - 23:09
AFFA-nın cəzalandırdığı hakim UEFA-ya çağırıldı
AFFA-nın Ekspert və Apelyasiya Komitəsi hakimlikdən kənarlaşdırılan FİFA referisi Babək Quliyevin məsələsinə bu gün baxacaq. Bununla bağlı apasport.az saytına açıqlama verən Quliyevin sözlərinə görə, komitəyə martın 29-da etdiyi rəsmi müraciətdə Hakimlər Komitəsinin haqqında çıxardığı qərarla bağlı narazılığını bildirib: “Toplantıda mənim də iştirakım nəzərdə tutulub. Ümid edirəm ki, haqqımda düzgün qərar çıxarılacaq. Bununla, günahsız olduğum tam sübuta yetiriləcək. İlk gündən günahsız olduğumu demişəm. İnanıram ki, Ekspert və Apelyasiya Komitəsi də bunu təsdiqləyəcək və məsələyə son qoyulacaq”.

Quliyev, həmçinin bildirib ki, İsveçrəyə dəvət edilib: “Aprelin 29-da UEFA-nın mənzil-qərargahının yerləşdiyi Nyon şəhərinə gedəcəyəm. Məlum olduğu kimi, qitə futbol qurumunun istedadlı hakimlər qrupuna daxiləm və ardıcıl ikinci dəfə ora dəvət olunmuşam. Bu qrupda 53 ölkədən 16 hakim yer alıb. Görüşdə UEFA-nın Hakimlər Komitəsinin rəhbərliyi, həmçinin polşalı kuratorum Rixard Voyçik iştirak edəcək. Orada hakimliklə bağlı ümumi söhbətlər, çıxarılan qərarlar müzakirə olunacaq. Üç günlük tədbirdən sonra vətənə dönəcəyəm”.

Quliyev istedadlı hakimlər qrupunda yer almasının böyük üstünlüklər yaratdığını söyləyib. Onun fikrincə, bu qrupda olanların UEFA-nın 2-ci hakimlər qrupuna yüksəlmək şansı çox olur: “Bunun reallaşması, ümumilikdə Azərbaycan hakimliyinə böyük fayda verəcək. Belə ki, 2-ci qrupda olan zamanı FİFA-da ölkəmiz üçün daha bir yer ayrılacaq. Yəni, FİFA hakimlərimizin sayı 4-ə çatacaq. Həm də 2-ci qrupda olmaq, Çempionlar Liqası və UEFA kubokunda qrup mərhələsi oyunlarını idarə etməyə imkan yaradır. İndiyə kimi heç bir hakimimiz belə matçlara təyinat almayıb. Görünür, FİFA və UEFA-nın haqqımda çıxarılan qərardan məlumatı yoxdur. AFFA bu qurumları rəsmi məktub göndərməklə məlumatlandırıldıqdan sonra mənə beynəlxalq oyunlara təyinat gəlməyə bilər. İnanıram ki, Ekspert və Apelyasiya Komitəsinin sabah haqqımda çıxaracağı ədalətli qərardan sonra heç bu sənədin göndərilməsinə ehtiyac da olmayacaq”.

Xatırladaq ki, Babək Quliyevlə yanaşı, Vüsal Əliyevlə Fariz Yusifov da FİFA hakimləridir. Martın 16-da AFFA-nın Hakimlər Komitəsinin çıxardığı qərara əsasən, Quliyev və futzal üzrə FİFA hakimi Anar Niyazov hakimlikdən kənarlaşdırılıb.
0