Semşov: Guya ki, Hiddink Azərbaycanla oyundan sonra bizi danlayıb
03.04.2009 - 11:21
Semşov: Guya ki, Hiddink Azərbaycanla oyundan sonra bizi danlayıb
“Azərbaycan və Lixtenşteyn yığmaları bərabər səviyyəli komandalardır. Onlarla görüşdə ən əsası, erkən qol və meydanda tez hərəkət etməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının vitse-kapitanı İqor Semşov deyib.

Dünya çempionatının seçmə mərhələsində Lixtenşteyn yığması ilə görüşdə kapitan sarğısını daşıyan yarımmüdafiəçi əslində, Sergey Semakın funksiyasını yerinə yetirib. Amma Semşov martın 28-də Azərbaycana qarşı Moskvadakı oyunun yalnız ikinci hissəsində, Semak əvəzləndikdən sonra kapitanlıq etmişdi: “Kapitan kimi Lixtenşteynlə matçda debüt etsəm də, cari seçmə mərhələdə Uels və Azərbaycanla oyunlarda da sarğı qolumda olub. Bu dəfə isə sarğını ilk dəqiqələrdən qolumda daşıyırdım. Adət etdiyim hissləri keçirirəm. Çünki mahiyyətinə vardıqda, qeyri-adi nəsə baş verməyib. Bəli, son iki oyunda meydandakı mövqeyim dəyişilib. Azərbaycanla görüşdə ön xəttə yaxın oynasam da, Semak əvəzləndikdən sonra müdafiəyə çəkildim. Lixtenşteynlə qarşılaşmada isə hər şey əksinə oldu”.

Cari mövsümdən Sankt-Peterburqun “Zenit” klubunda çıxış edən İqorun fikrincə, onların işi elə zəif yığmalarla görüşlərdə çətin olur. O, baş məşqçi Qus Hiddinkin oyundan sonra yetirmələrini danlaması barədə yayılan məlumatlara da münasibətini bildirib: “Azarkeşlərlə mütəxəssislərin narazılığını başa düşürəm. Ancaq onlar bizi də başa düşsün. Kənardan belə görünür ki, Azərbaycan və Lixtenşteyn kimi rəqibləri 4-5 top fərqi ilə yenməliyik. Ancaq praktikaya baxın. Rusiya yığması artıq neçənci ardıcıl seçmə mərhələdir ki, belə rəqiblərlə görüşdə əziyyət çəkir. Tarix yalnız nəticəni xatırlayır ki, bu da müsbətdir. Yeri gəlmişkən, elə Qus Hiddink də Lixtenşteynlə matçdan sonra vidalaşarkən, bizə bunu dedi. Guya, Hiddink Azərbaycan və Lixtenşteynlə qarşılaşmaların ardından bizi danlayıb. Bu haqda oxumaq heç də xoş deyil. Belə ağ yalana inanmayın!”
0