Berti Foqtsdan kim razıdır, kim narazı? – SORĞU
03.04.2009 - 16:07
Berti Foqtsdan kim razıdır, kim narazı? – SORĞU
Berti Foqtsun Azərbaycan milli komandasının baş məşqçisi postuna təyin olunmasından bir il keçir. Apasport.az saytı 63 yaşlı almaniyalı çalışdırıcının yığmamızdakı fəaliyyəti ilə bağlı mütəxəssislər arasında sorğu keçirib. Azərbaycan millisi, Premyer Liqası və ümumilikdə ölkə futbolu ilə bağlı olan 4 məşqçi Foqtsun bir illik fəaliyyəti ilə bağlı üç sualı cavablandırıb.

1. Almaniyalı mütəxəssis Berti Foqtsun Azərbaycan milli komandasındakı fəaliyyətinin bir ili tamam olur. Bu müddəti necə dəyərləndirirsiniz?

2. Foqtsun başçılıq etdiyi yığmada sizi razı və narazı salan nədir?

3. Səviyyəli futbolçu qıtlığından əziyyət çəkən milli komandamızın səviyyəli baş məşqçisi var. Belə vəziyyətdə gələcəyə nikbin baxmaq olarmı?


Qyoko Hacıyevski, Azərbaycan Premyer Liqasının lideri olan “Bakı” klubunun baş məşqçisi, Berti Foqtsun yığmadakı sələfi


1. Bu haqda nəsə demək istəmirəm. Göz qabağında olan odur ki, nəticə baxımından uğur əldə olunmayıb.

2. Futbolçularda istək çoxdur. Oyunçuların belə həvəslə, əzmlə oynaması müsbət cəhətdir. Komanda üçün yaxşı şərait də yaradılıb. Texniki məsələlər də düzgün təşkil olunur. Amma nədənsə nəticə yoxdur.

3. Təbii ki, Azərbaycan yığmasının gələcəyinə nikbin baxmaq olar. Bunun üçün müəyyən potensial da var. Əlbəttə ki, hazırda yığmadan kənarda qalan futbolçuların xidmətindən yaralanmaqla nəsə etmək olar. Mahmud Qurbanov, Zaur Tağızadə və onlar kimi digərlərinin sayəsində milli komanda daha güclü ola bilər.

İqor Ponomaryov, Azərbaycan milli komandasının sabiq baş məşqçisi və rekordçusu, “Xəzər-Lənkəran” klubunun çalışdırıcısı

1. Komandaya yeni baş məşqçinin gəlməsi yeni ideyalar, yeni arzular deməkdir. Foqtsun da komanda ilə bağlı ideyaları, fikirləri var. Bir ilə əsasən onun işinə qiymət vermək çətindir. Görünür ki, o işləyir, çalışır, nəsə etmək əzmindədir. Foqtsa vaxt lazımdır ki, istədiklərini həyata keçirsin. Fərqli mentalitet, başqa oyun dəst-xəttini komandaya tətbiq etmək üçün zaman zəruridir. Arxada qalan bir ildə almaniyalı çalışıb. Qarşıdakı işində də ona uğurlar arzulayıram.

2. Bu suala cavab vermək çətindir. Məncə, biz bunu Foqtsdan yaxşı deyə bilmərik. Çünki o özü komandada nəyin qənaətbəxş, nəyin qeyri-qənaətbəxş olduğunu daha yaxşı bilir. Fikrimcə, gələcək fəaliyyəti zamanı nəyi dəyişəcəyini də müəyyənləşdirib.

3. Foqtsa vaxt lazımdır. Onun gələcəklə bağlı planı var ki, bunu keçirməsini gözləmək lazımdır. Məhz onda nəsə demək olar. Cəmi bir ildən sonra mütəxəssisdən nəticə və ya nəyin isə belə tezliklə dəyişməsini tələb etmək düzgün deyil. Foqtsa heç olmasa, bundan sonra üç il də vaxt verməliyik.

Valentin Xodukin, Azərbaycan çempionu olan Bakının “İnter” klubunun ukraynalı baş məşqçisi

1. Foqstun işlədiyi bu bir ildə milli komanda müdafiədə daha yaxşı oynamağa başladı. Futbolçular funksional vəzifələrini dəqiq yerinə yetirməyə çalışır. Hər halda, buna cəhd etmələri diqqət çəkir. Görünür ki, Foqts yığmada nəsə etmək istəyir. Alman mütəxəssis yığmada oyunla bağlı öz siyasətini qoyub və bunun həyata keçirilməsinə inadla çalışır. Ancaq bir ildə çox şeyə nail ola bilməzsən. Çünki vaxt azdır. Gənc futbolçularımız Elvin Məmmədovla Cavid Hüseynov da Foqtsun dövründə millidə debüt etdilər və indi də cəlb olunurlar.

2. Hazırda millidə əsas problem hücumda oyunun təşkilidir. Bu, ümumilikdə Azərbaycan futbolunun problemidir. Foqts hücumda problemi ona görə həll edə bilmir ki, əlinin altında material yoxdur. Yerli hücumçular lazımı səviyyədə deyil. Bu problem təkcə yığmada yox, Azərbaycan klublarında da diqqət çəkir. Diqqət yetirin, klublarınızın əksəriyyətində hücumçular legionerlərdir. Səviyyəli azərbaycanlı hücumçu qıtlığı var. Əslində, Avropa ölkələrində də yerli hücumçuların sayı yetərincə deyil. Milli komandanı yaratmaq binanı tikmək kimi bir şeydir. Binanın möhkəmliyi üçün onun kərpicləri düz olmalıdır, daha əyri-üyrü yox. Futbolçular da səviyyəcə bərabər olmalıdır. Təəssüf ki, bu planda vəziyyət ürəkaçan deyil, problemlər kifayət qədərdir.

3. Əslində, Foqstun milli komandada gələcək taleyini müəyyənləşdirmək AFFA rəhbərliyinin üzərinə düşür. Onlar bu mütəxəssislə əməkdaşlıqla davam etdirib-etdirməməyə qərar verməlidirlər. Bilirsiniz, heç bir iş boşuna getmir. İş görülürsə, bunun nəticəsi olacaq. Bunu nə vaxt olacağı artıq zamanın işidir. Hər şey dərhal alınmır. Toplantıların birində dedim ki, qarşıya qoyulan məqsədə çatmaq istəyiriksə, ilk növbədə az top fərqi ilə uduzmalıyıq. Azərbaycan yığması artıq buna nail olub və daha böyük hesabla uduzmur. Foqtsun dövründə bir, uzağı iki top buraxıb. Bundan sonrakı mərhələ autsayder üzərində qələbə qazanmaqdır. Daha sonra ona çalışmalıyıq ki, Almaniyaya uduzsaq da, ona qol vuraq. Özü də bunu səfərdə etmək lazımdır. Nəhayət, Almaniya ilə evdəki oyunda xal qazanmağa, ən pis halda heç-heçə etməyə çalışmalıyıq. Yəni, sözümün canı odur ki, milli inkişafa bütün bu prosesləri keçib, mərhələ-mərhələ nail olmalıdır.

Ağasəlim Mircavadov, Azərbaycan milli komandasının sabiq baş məşqçisi

1. Foqtsun işlədiyi son bir ildə ən çox yadımda qalan AFFA rəhbərliyinin milli komandamıza göstərdiyi xüsusi diqqət, güclü dəstək verməsi oldu. Açıq deyirəm ki, yığmamızda heç bir dövrdə belə olmamışdı. AFFA-nın milli komandaya belə münasibət göstərməsini alqışlayıram. Yığmaya nə cür istəyirlər, elə də şərait yaradıblar. Harada istəyir, təlim-məşq toplanışı keçirlər. Sağ olsunlar ki, ölkənin bir nömrəli komandası üçün belə işlər görürlər. 1993-95-ci illərdə millidə işlədiyim vaxtda maliyyə imkanı çox zəif idi. Foqtsun dövründə əsas fiziki hazırlığa fikir verilir. Bununla, Azərbaycan futboluna xas taktika itir. Bu isə çox acınacaqlı haldır. Elə 17 yaşlılardan ibarət yığma komandamızın almaniyalı baş məşqçisi Bernard Lippert də Lüksemburqda keçirilən Avropa çempionatının elit mərhələsindən sonra bildirib ki, futbolçularımız taktiki planda zəifdirlər, meydanda gec fikirləşirlər. Təqdirəlayiq hal odur ki, Foqts əvvəl-axır klubların baş məşqçiləri ilə görüşdü. Hər bir belə görüşdə yeni bir fikir ola bilər.

2. Yığmada yaxşılığa doğru dəyişikliklər olsa da, problemlər də çoxdur. Klubların əksərində legionerlər çoxluq təşkil edir. Elə komandalar var ki, heyətində 9-10 əcnəbi futbolçu meydana çıxır. Bu isə yerli futbolçuları arxa plana çəkir və nəticədə yığma geriləyir. İnkişaf üçün mütləq rəqabət olmalıdır. Kim güclüdürsə, o da oynamalı, yığmaya çağırılmalıdır. Bütün bunlar legioner limitinin ləğvinin nəticəsidir. Foqts buna görə həyəcan təbilini çalmalıdır. Legionerlərə müəyyən limitin qoyulması yerli futbolçuların səviyyəsinin qalxmasına, rəqabətin artmasına imkan yaradacaq. Klublar da milli üzvlərinə fikir verməlidirlər. Təəssüf ki, oyun planında da çatışmazlıqlar var. Lixtenşteyn – Rusiya oyununa televiziyadan izlədim. Açığı, Lixtenşteynin oyunu xoşuma gəldi. Bu yığma Rusiya ilə görüşdə futbol oynamağı bacardığını göstərdi. Qapıya zərbələr, rəqibi aldatmaq, yəni oyun vardı. İndi hamı oynayır.

3. Azərbaycan yığması ilə bağlı nikbinəm. Çünki oynaya bilən futbolçularımız var. Əgər bunu bacaran oynamırsa, deməli, nəsə başqa problem var. Klublar da bunun nədən ibarət olduğunu araşdırmalıdır. Yığmanın baş məşqçisinin klublarda çalışan həmkarları ilə görüşməsinin vacibliyini təsadüfən qeyd etmədim. Özü də belə görüşlər tez-tez olmalıdır. Bunun milliyə yalnız faydası dəyəcək. Foqtsun müqaviləsinin sonuna qədər işləməlidir. Bundan sonra onunla anlaşmanın uzadılıb-uzadılmamağına artıq AFFA rəhbərliyi qərar verməlidir. Məsləhət bu olardı ki, milli komandamıza yaşından asılı olmayaraq, layiqli futbolçular çağırılmalıdır. Bizdə gənc, sürətli, texnikalı futbolçular var. Yığmaya daimi 13-14 eyni futbolçular cəlb olunmalıdır. Güclü olan futbolçu millidə yer almalıdır.
0