Babək Quliyev: Əmrah Çəlikəlin zənginə cavab vermişəm, məgər bu, kriminaldır?
03.04.2009 - 21:35
Babək Quliyev: Əmrah Çəlikəlin zənginə cavab vermişəm, məgər bu, kriminaldır?
AFFA-nın Apelyasiya və Ekspert Komissiyasının üzvlərinin bu gün yekdil qərarına əsasən, Quliyevin şikayəti təmin edilməyib və Hakimlər Komitəsinin qərarı qüvvədə saxlanılıb. Bildirilir ki, Apelyasiya və Ekspert Komissiyasının qərarı qətidir və ondan şikayət etmək olmaz. Quliyev nəyə görə cəzalandırılması ilə bağlı məsələyə aydınlıq gətirdi: “Orada ikinci dövrədə “Bakı” ilə oyundan sonra “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin telefon zənginə cavab verməyim gündəmə gətirildi. Çəlikəl zəng vurub, futbolçularına göstərdiyim sarı və qırmızı vərəqələrlə bağlı narazılığını bildirmişdi. Mənə irad tutuldu ki, niyə klub rəsmisinin zənginə cavab vermisən. Klub rəsmisi uduzduqları oyundan sonra hirslənib, zəng edir, mən də ona cavab verirəm. Məgər bu, kriminaldır? Gülməli söhbətdir”.

35 yaşlı hakim ona irad tutulan maddədən xəbərsiz olduğunu söyləyib: “Açığı, Hakimlərin Nizam-İntizam Məcəlləsində belə bir maddənin olduğunu bilmirdim. Bilsəydim, heç cavab verməzdim. Görünür, bu da mənim taleyimdə imiş. Əgər bu maddə ilə cəzalandırılmışamsa, bununla razıyam. Əsas odur ki, rüşvət almağımla bağlı ittihamın əsassız olması sübuta yetirildi. Mən ilk gündən bunu söyləmişdim və dediklərim rəsmən təsdiqləndi. Orada mənə dedilər ki, səni rüşvət almaq, oyun alqı-satqısı kimi xoşagəlməz şeylərdə günahlandırmırıq. Sadəcə, qanunu pozmusan və dəstəyi götürməməli idim. Belədirsə, mən bunu qəbul edirəm”.

Məhkəməyə iddia ərizəsi ilə şikayət etmək fikrindən daşınan Quliyev çıxarılan bu qərarla təsəlli tapır: “Əsas odur ki, rüşvət ləkəsi, damğası üzərimdən götürüldü. Mən ilk gündən buna çalışırdım və istəyimə nail oldum. Məhkəməyə müraciət etməyi ehtiyac görmürəm. Hakimlər Komitəsinin çıxardığı qərarla AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılmışam. Cəzamın müddəti göstərilməyib. Bu üç gün də ola bilər, bir ay da, altı ay da. Cəzamın bitməsini gözləyəcəyəm. Beynəlxalq oyunlara təyinat almağım isə artıq AFFA-nın FİFA-nın və UEFA-ya göndərəcəyi rəsmi müraciətdən asılı olacaq”.

Qeyd edək ki, Babək Quliyevlə yanaşı, futzal üzrə FİFA referisi Anar Niyazov da cəzalandırılıb.
0