Kapitanı vurmuşam, 5000 avro cərimə verirəm
04.04.2009 - 12:16
Kapitanı vurmuşam, 5000 avro cərimə verirəm
Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibi Almaniya yığmasının hücumçusu Lukaş Podolski özünəməxsus hərəkət edib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı Polşa əsilli futbolçu Uels yığması ilə səfər oyununda almanların kapitanı Mixael Ballakla dalaşdığı üçün 5000 avro cərimə ödəmək istədiyini bildirib.

Podolski bu məbləği Almaniya Futbol İttifaqının (AFİ) büdcəsinə köçürməyə hazırdır. Həmin məbləğ fair-play təbliğatına yönəlməlidir. Maraqlıdır ki, nə yığmanın baş məşqçisi Yoahim Löv, nə də AFİ Lukaşa qarşı hər hansı sanksiya tətbiq etmək fikrində idi.

Qurumun prezidenti Teo Tsvantsiger bildirib ki, futbolçunun bu hərəkəti könüllüdür və səhvini anlamaq jesti deməkdir. Lukaş kapitana qarşı hərəkətinə görə çox peşman olduğunu və günahını yumaq istədiyini vurğulayıb. Hər halda, Podolskinin belə fikrə düşməsində Almaniya KİV-nin onu kəskin tənqid etməsinin də rolu var.

Qeyd edək ki, Podolski Uelsə görüşün ikinci hissəsində Ballakın iradına cavab olaraq, ona sillə vurub.
0