“Kocaelispor”a “4”, Rəşad Sadıqova “5”
06.04.2009 - 09:29
“Kocaelispor”a “4”, Rəşad Sadıqova “5”
Türkiyə Superliqasında XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular Rəşad Sadıqov və Ramal Hüseynovun çıxış etdikləri “Kocaelispor” klubu səfərdə “Ankaragücü”dən ağır zərbə alıb. “Ankaragücü” ikinci dövrənin ilk turlarında yaxşı təsir bağışlayan İzmit təmsilçisinə dörd cavabsız qolla qalib gəlib - 4:0.

Hələ də əsas komandada debüt etməyən Ramaldan fərqli, Rəşad start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. Türkiyə mətbuatı darmadağın olan “Kocaelispor”un heyətində yığmamızın kapitanını fərqləndirib. Belə ki, o komandasının heyətində ən yüksək qiymət alan 3 futbolçudan biri olmaqla, “5”ə layiq görülüb.

Bu məğlubiyyətdən sonra “Kocaelispor” 23 xalla 18 komanda arasında əvvəlki kimi, 17-ci pillədə qərarlaşıb. Rəşadla Ramalın komandası növbəti oyununu aprelin 10-da öz meydanında “Beşiktaş”a qarşı keçirəcək.

Yeri gəlmişkən, Türkiyə çempionatında oynayan digər azərbaycanlı futbolçu İlqar Qurbanovun komandası da son turda məğlub olub. Birinci dəstədə mübarizə aparan “Boluspor”un “Adanaspor”a 0:2 heabı ilə uduzduğu qarşılaşmada yarımmüdafiəçimiz forma geyinməyib. “Boluspor” 29 oyundan sonra 44 xalla 6-cı yeri tutur.
0