Subaşiç məhsuldar ötürmə verdi, “Çanqçun Yatay” qalib gəldi
06.04.2009 - 10:43
Subaşiç məhsuldar ötürmə verdi, “Çanqçun Yatay” qalib gəldi
Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu Çinin “Çanqçun Yatay” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun komandası Çin çempionatının üçüncü turunda “Çendu Blades”i qəbul edib.

Yığmamızın üzvü “Çanqçun Yatay”ın 2:0 hesablı qələbəsində pay sahibi olub. Belə ki, Subaşiçin 90 dəqiqə əvəzlənmədən meydanda olduğu görüşdə qonaqlar 86 dəqiqə müqavimət göstərib. Yəni, hər iki qol qarşılaşmanın son 4 dəqiqəsində vurulub. Matçın gedişində bir neçə dəfə qapıçı ilə təkbətək çıxıb, qol imkanlarını qaçıran Branimir hesabın açılmasında yaxından iştirak edib. Sol cinahdan ötürməni sinəsi ilə saxlayan hücumçu əlverişli mövqedə dayanan komanda yoldaşına məhsuldar ötürmə verib.

Bu qələbədən sonra hesabında 7 xal olan “Çanqçun Yatay” ikinci pillədə qərarlaşıb. “Tyantzin Teda”dan iki xal geri qalan Subaşiçin komandası IV tur çərçivəsində aprelin 11-də öz meydanında “Şandun Luneng”lə görüşəcək.
0