Lemann Azərbaycan milli komandasına qarşı oynamaq istəyir
07.04.2009 - 10:19
Lemann Azərbaycan milli komandasına qarşı oynamaq istəyir
Tanınmış almaniyalı qapıçı Yens Lemann Azərbaycan milli komandasına qarşı oynamaq istəyir. Apasport.az saytının məlumatına görə, 40 yaşlı futbolçu yığmamızla dünya çempionatının seçmə mərhələsində eyni qrupda yer alan Almaniya komandasına qayıtmağı arzulayır.

Uzun müddət Londonun “Arsenal” klubunun şərəfini qorumuş Lemann bu mövsümdən etibarən “Ştutqart”da oynayır. Təcrübəli qapıçı ötən yay keçirilən Avropa çempionatının final mərhələsindən sonra yığma karyerasını başa vurduğu elan etsə də, indi fikrindən daşınıb. Buna əsas səbəb Yensin “Ştutqart”la müqaviləni bir il uzatmasıdır.

2002-ci il dünya çempionatının gümüş, 2006-cı ildə bürünc, 2008-ci il Avropa çempionatının gümüş mükafatçısı olmuş Lemanın yığmaya qayıtmaq şansı çox az qiymətləndirilir. Almaniya milli komandasının qapıçılarla işləyən məşqçisi Andreas Kepke bildirib ki, Yensin qayıdışı qeyri-mümkün və mənasızdır: “Bu məsələni hətta götür-qoy etmək faydasızdır. Çünki bu, yalnız gənc qapıçılarımıza ziyan vuracaq”.

Cari seçmə mərhələdə almanların qapısını Robert Enke ilə Rene Adler qoruyub. Enke 4 oyunda 3, Adler isə 2 görüşdə 1 qol buraxıb.

Qeyd edək ki, milli komandamız Almaniya yığması bu il avqustun 12-də Bakıda və sentyabrın 9-da Hannoverdə görüşəcək.
0