Ramin Musayev: “Olimpik” – “Bakı” matçı haqda danışmağa utanıram – MÜSAHİBƏ
09.04.2009 - 13:21
Ramin Musayev: “Olimpik” – “Bakı” matçı haqda danışmağa utanıram – MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin Lent.az-a müsahibəsi

- Azərbaycan Premyer Liqasının XX turunu necə dəyərləndirərdiniz?
- Əvvəlkilərə nəzərən, XX tur xoşagəlməz oldu. Çempionat başlayandan çalışmışıq ki, düzlük olsun, qərəzsiz oyunlar keçirilsin, kim güclüdürsə, o da qalib gəlsin. Əfsuslar olsun ki, ötən turda xoşagəlməz halla üzləşdik. Bu halın bir daha təkrarlanmamasına çalışacağıq.

- Xoşagəlməz hal dedikdə “Olimpik” – “Bakı” matçında ədalətli oyun qaydalarının pozulmasınımı nəzərdə tutursunuz?
- Həmin oyunda ədalətli oyun qaydaları da pozuldu, hakim səhvlərə də yol verdi. Bunların hamısı xoşagəlməz hallardır. Həqiqətən də cari çempionatda ən qalmaqallı, söz-söhbətli tur alındı.

- Bu görüşün baş hakimi Zöhrab Qədiyev ən təcrübəli referilərimizdəndir. Sizin vitse-prezident olduğunuz vaxt bir müddət “Neftçi”də inzibatçı vəzifəsində çalışıb. Onu yaxından tanıyan bir şəxs kimi kobud səhvlər buraxmasının səbəblərini nədə görürsünüz?
- Açığı, mən ondan belə səhvlər gözləmirdim. Qədiyevin səhvləri barədə mənə “Xəzər-Lənkəran” – “Standard” matçından qayıdarkən, yolda məlumat verdilər. İnanmadım. Dedim: “Ola bilməz. Zöhrab elə səhvlərə yol verməz”. Görüşü videolentə alan operatorlardan xahiş etmişdim ki, oyunun kasetini hazırlasınlar, baxım. Birbaşa işə gəldim. Həmin mübahisəli epizodları gördükdən sonra “Bakı” klubu rəhbərliyinin bütün etirazlarının həqiqətən də səbəbli olduğu qənaətinə gəldim.

- Hakimlər Komitəsinin Zöhrab Qədiyev və köməkçilərindən biri Munis Abdullayevin cəzalandırılması haqda qərar çıxardığı bildirilir. Eləcə də İmanxan Sultani “Xəzər-Lənkəran” – “Standard” matçındakı idarəçiliyinə görə hakimlikdən kənarlaşdırılıb...
- Mən nə belə bir qərar görmüşəm, nə də eşitmişəm. Varsa, lap yaxşı.

- Yəni onların hakimlikdən kənarlaşdırılması ilə razısınız...
- Bəli. Hakimlər Komitəsi belə bir qərar çıxarıbsa, mən onu dəstəkləyirəm. Burada söhbət hakimin bir oyuna görə yox, bir oyunda buraxdığı 3-4 səhv üzündən cəzalandırılmasından gedir.

- Qədiyevin səhvlərinin qərəzli olduğunu düşünmürsünüz?
- Zöhrab and içdi ki, qəsdən etməyib, gördüyü və düşündüyü kimi qərar qəbul edib. Hər halda onun idarəçiliyi xoşuma gəlmədi.

- Bəs Munis Abdullayevin necə?
- “Olimpik”in futbolçusu Mahir Şükürovun Ernad Skuliçin sifətinə zərbə endirdiyi epizoda baş hakim Zöhrab Qədiyev də, onun köməkçisi Munis Abdullayev də eyni məsafədə yaxın idi. Qədiyev isə epizod baş verdikdən sonra Abdullayev tərəfə qaçdı. Mən hakim işləməsəm də, belə düşünürəm ki, həmin vaxt baş hakim köməkçisindən yardım istəyirdi. Munis isə həqiqəti – Şükürovun Skuliçə şillə atdığını, amma sifətinə dəymədiyini deməli, Zöhraba kömək etməli idi. Məndə olan məlumata görə, hətta Qədiyevlə Abdullayev yaxın dostdurlar. Dostluq bir tərəfə, Munis heç olmasa, hakimlik borcunu yerinə yetirməli idi.

- Bəlkə yan xətt hakimi də epizodu dəqiqliklə görməyib?
- O görməyib - bu görməyib, daha onda nəyə görə oyunları idarə edirlər? Qoy, hər şeyi dəqiqliklə görənlər çıxıb hakimlik etsinlər. Kimlər görürsə, onlar da idarə etməlidirlər.

- Sultaninin hakimlikdən kənarlaşdırılmasının səbəbini nədə görürsünüz?
- Onun fiziki hazırlıq səviyyəsi yetərli deyil.

- “Olimpik” – “Bakı” matçında ədalətli oyun qaydalarının pozulma halı ilə bağlı hansı fikirdəsiniz?
- Vallah, mən artıq bu haqda danışmağa utanıram. Bizim çempionatda bu, olmamalı idi. Belə hal niyə məhz Azərbaycan komandaları tərəfindən tarixə düşdü və cavabsız qaldı? Heç olmasa, “Olimpik”in baş məşqçisi Əsgər Abdullayev adekvat jest etməli idi.

- Artıq Əsgər Abdullayev baş verənlərə görə üzr istəyib...
- Əvvəla, üzr istəməklə iş bitmir. Sonrası da o cür üzr istənilmir. O, mətbuat konfransında yox, meydançada üzr istəməli idi.

- Axı oyun gedə-gedə necə üzr istəmək olardı?
- Yetirmələrinə deyərdi ki, bir qol buraxın, qoy, ədalətli oyun qaydaları bərpa olunsun. Sonra da oyuna davam edin.

- Əgər ortalıqda “Olimpik”in stimullaşdırılması haqda söz-söhbətlər varsa, Əsgər Abdullayevin komandası yenidən necə top buraxa bilərdi?
- Mən “Neftçi”nin vitse-prezidenti olduğum vaxt da stimullaşdırma əleyhinə bir söz deməmişəm. Əksinə, stimullaşdırmanın tərəfdarı olduğumu demişəm. Bu gün tutduğum vəzifə stimullaşdırma ilə razılaşmağıma icazə vermir. Lakin bir azarkeş kimi razıyam. Çünki söhbət maraqlı oyundan gedir. Hər hansı komanda bilərəkdən uduzsa və ya xal versə, narazılıq etmək olar. Hansısa zəif komandanı güclü çıxış etməyə stimullaşdırmaqda ziyanlı, pis nə var? Bir klub Avropa kuboklarına vəsiqə qazanmaq istəyirsə, zəifləri stimullaşdırmaqdan qorxmamalıdır.

- Amma iddialara əsasən, “Olimpik” “Bakı”ya uduzsaydı, onlara verilən stimullaşdırıcı pul bata bilərdi. 3 aydır maaş almayan klub üçün bu, heç də yaxşı olmazdı...
- Pul hər şeyi həll etməməlidir. Pul bu gün var, sabah olmaya bilər. Yaxud bu gün yoxdursa, sabah ola bilər. Bəs mənlik? Bu komandalar gələcəkdə də qarşılaşacaqlar. O zaman hansısa futbolçunun meydançada ayağı sınsa və ya can versə, oyunu saxlamayacaqlar. Bu, mənim şəxsi fikrimdir – mən “Olimpik” klubunun rəhbəri olsaydım, bu qədər söz-söhbətdən sonra deyərdim ki, gəlin, yenidən oynayaq. “Neftçi”də işlədiyim vaxt da buna bənzər hal baş vermişdi. O zaman AFFA rəhbərliyinə söyləmişdim: “Deyirsiniz ki, oyunu elə belə udmuşuq. Mən yenidən oynamağa hazıram”. Hansı oyunda baş verdiyini açıqlamaq istəməzdim, amma belə hal baş vermişdi. Mən şəxsən buna hazır idim. Güclüyəmsə, nədən qorxmalıyam? Bir daha sübut edə bilərəm ki, güclüyəm, qələbə qazanaram. Amma belə udmaq düzgün deyil. Ölkəmizdən kənarda da bizim çempionatı, klublarımızın çıxışlarını izləyənlər var. Fikrimcə, “Olimpik” azarkeşləri heç vaxt belə halı dəstəkləməzlər. Onlarda klublarına qarşı məhəbbət hissi yox, nifrət yaranar. Mən bunları PFL prezidenti kimi yox, futbol azarkeşi kimi deyirəm.

- Son turlar ərzində artıq hakimlikdən kənarlaşdırılanların sayı 5-ə yüksəlib. Premyer Liqanın və ölkə kubokunun qalan oyunlarının vaciblik dərəcəsini nəzərə alaraq, yenidən əcnəbi hakim dəvət etməyi düşünmürsünüz?
- Premyer Liqanın sonuna 6 turumuz qalıb. Ölkə kubokunda isə hələ 5 oyun keçirilməlidir. Özümüzün 50-dək hakimimiz, cavan kadrlarımız var. İnanıram ki, hazırkı hakimlərimizlə mövsümü başa vurmaq imkanımız var.

- “Qarabağ” və “Bakı” klubları arasında Azərbaycan Kubokunun yarımfinal matçının Ağdamdakı Quzanlı Olimpiya Kompleksinin stadionunda keçirilmə variantı ortaya çıxıb. Buna razılıq verməyiniz nə dərəcədə mümkündür?
- Hələ bu haqda mənə müraciət olmayıb. Olsa, məncə, hamımız üçün maraqlı alınar. Qarabağ torpağında idmanı yaşatmaq bədnam qonşularımız üçün də böyük dərs olar ki, biz heç də ruhdan düşməmişik. Dövlətimiz yaşayır və şən həyatını sürür. Mən “Bakı” klubu rəhbərliyini yaxşı tanıyıram. İnanmıram ki, onlar Ağdamda oynamaqdan narazılıq etsinlər. Torpağı, Vətəni sevən insanlardırlar, etiraz edəcəklərini gözləmirəm.
0