Premyer Liqanın məğlubedilməz məşqçiləri üz-üzə
09.04.2009 - 13:45
Premyer Liqanın məğlubedilməz məşqçiləri üz-üzə
Azərbaycan Premyer Liqasının XXI turunda keçiriləcək “Neftçi” – “Xəzər-Lənkəran” oyunu rekordçuların qarşıdurması kimi əlamətdar olacaq. Apasport.az saytının hesablamalarına görə, paytaxt və Lənkəran təmsilçiləri digər komandalardan baş məşqçilərinin göstəricilərində fərqlənir.

Belə ki, cari mövsüm Premyer Liqa oyunlarında baş məşqçi kimi iştirak edən 21 mütəxəssisdən yalnız ikisi hələ də məğlubiyyətin nə olduğunu bilmir. Çempionatın məğlubedilməzləri Böyükağa Ağayev və İqor Ponomaryovun müvafiq olaraq, çalışdırdıqları “Neftçi” və “Xəzər-Lənkəran”ın aprelin 12-də keçiriləcək duelində bu seriyalardan biri qırıla bilər.

Mövsümün gedişində iki dəfə baş məşqçi vəzifələrini icra etmək həvalə olunan Ağayev ikinci sınaqdan sonra bu posta təyin olundu. Bu müddətdə komandanı 5 çempionat matçına çıxaran mütəxəssis nəinki bu oyunlarda, heç kubokda da uduzmayıb.
“Xəzər-Lənkəran” isə ikinci dövrədə uduzmayan yeganə komandadır. Qış fasiləsində komandanın sükanı arxasına keçən Ponomaryov 7 çempionat görüşünün heç birində məğlubiyyətə üzülməyib. Mütəxəssis yalnız kubokda yetirmələrinin uduzmağına məyus olub.

Maraqlıdır ki, cari çempionatda uduzmayan hər iki mütəxəssisin Premyer Liqadakı son yenilgisi “Qarabağ”da çalışdığı vaxta təsadüf edib. 2005-ci il mayın 24-də Tovuzda “Turan”a 0:4 hesablı məğlubiyyətdən sonra Ponomaryov postundan getməli olmuşdu. Mütəxəssisin xələfi Elxan Abdullayevi əvəzləyən Ağayev də “Qarabağ”ı məğlubiyyətlə tərk edib. O, 2006-cı il dekabrın 8-də səfərdə “MKT-Araz”a minimal hesabla uduzandan sonra istefa vermişdi. Tovuz və İmişlidə qeydə alınan bu nəticələr üç gündən sonra üz-üzə gələcək çalışdırıcıların Premyer Liqada son məğlubiyyətidir. Ponomaryovun Azərbaycan çempionatındakı məğlubiyyətsizliyi 1420, Ağayevdə isə 856 günlə ölçülür.

Qeyd edək ki, aprelin 12-də keçiriləcək “Neftçi” – “Xəzər-Lənkəran” görüşü saat 19:00-da başlayacaq.
0