“Futbolçular mənə qorxaq dovşanları xatırladırdı”
09.04.2009 - 14:36
“Futbolçular mənə qorxaq dovşanları xatırladırdı”
Almaniyanın “Bavariya” klubunun Çempionlar Liqasında (ÇL) İspaniyada “Barselona”ya böyük hesablı məğlubiyyəti (0:4) rəhbərliyi qəzəbləndirib. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyində yer alan ötənlərin məşhur alman futbolçuları Frants Bekkenbauerlə Karl-Haynts Rummenige komandanın son beş gündə səfərdə iki dəfə dörd top fərqi ilə uduzmasına dözə bilmir. “Bavariya” ÇL-dəki oyununa qədər bundesliqada keçmiş baş məşqçisi Feliks Maqatın çalışdırdığı “Volfsburq” klubuna 1:5 hesabı ilə məğlub olub. Klubun prezidenti olan Bekkenbauer “Barselona” ilə ilk hissədən dəhşətli dərəcədə sarsılıb: “Görüşün ilk 45 dəqiqəsində gördüklərim “Bavariya”nın tarixində ən bərbad futbol idi. Bu, alçalmağa bənzəyirdi. “Barselona” bizə əsl futbol dərsi keçdi”.

“Bavariya”nın idarə heyətinin sədri olan Rummenige daha sərt çıxış edib. Onun sözlərinə görə, komandaları həmin gün İspaniyada çox pis alçalıb: “Bu ağrılı məğlubiyyətdən heç də tez yaxa qurtarmayacağıq. Belə darmadağından sonra mübarizəni davam etdirməyə heç bir şansımız qalmayıb. Münhendəki oyun sadəcə, formal xarakter daşıyacaq. Çox təəssüf ki, “Bavariya”nın futbolçuları bu oyunda mənə qorxaq dovşanları xatırladırdı. Hansılar ki, böyük ilandan qorxdular”.