Növbəti “qurban”: Viktor Pitsurke
09.04.2009 - 17:21
Növbəti “qurban”: Viktor Pitsurke
Futbol üzrə milli komandaların baş məşqçilərinin istefaları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Rumıniya yığmasının çalışdırıcısı Viktor Pitsurke də istefaya göndərilib. Buna səbəb milli komandanın dünya çempionatının seçmə mərhələsində göstərdiyi zəif nəticədir.

Yeddinci qrupda yer alan rumınlar axırdan əvvəlki pillədə qərarlaşıblar. Komanda keçirdiyi 5 oyunda cəmi 4 xal qazanıb. Son uğursuzluq aprelin 1-də Avstriya yığması ilə görüşdə yaşanıb. Həmin qarşılaşmada Pitsurkenin yetirmələri 1:2 hesabı ilə uduzublar.

Hazırda Rumıniya qrup lideri Serbiyadan 8 xal geri qalır. Rumınların dünya çempionatının final mərhələsinə yüksəlmək şansları demək olar, heçə bərabərdir. Pitsurkeni kimin əvəzləyəcəyi hələlik bilinmir.

53 yaşlı Pitsurke iki dəfə milli komandanın baş məşqçisi olub. İlk dəfə Rumıniya milli komandasını 1998-99-cu illərdə çalışdıran Pitsurke həmin vaxt yığmanın liderləri - Georgi Hacı və Georgi Popesku ilə münaqişə üzündən istefa vermişdi. Növbəti dəfə isə o, 2004-cü ildə baş məşqçi vəzifəsinə təyin olunub. Təcrübəli məşqçi yığmanı 2008-ci ilin yayında Avropa çempionatının final mərhələsinə çıxarsa da, 3 görüşdə 2 xal toplayaraq, qrup səddini aşa bilməmişdi.

Xatırladaq ki, Pitsurke son 1 həftədə 6-cı “qurban”a çevrilib. Öncə onun İran, Makedoniya, Çexiya, Belçika, həmçinin Trinidad və Tobaqodakı həmkarları da vəzifələrindən qovulublar.
0