Tualet problemi
09.04.2009 - 17:54
Tualet problemi
Rusiyanı qarşıdakı mövsümdə Avropa Liqasında təmsil edəcək Permin “Amkar” klubu problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Premyer Liqada mübarizə aparan komandanın qitə miqyaslı turnirdə keçirəcəyi stadionda tualet çatışmazlığı var. UEFA-nın stadionları qəbul edən komissiyası bu gün Permə baş çəkib. Onların əsas məqsədi “Amkar”ın idman kompleksinin beynəlxalq oyunlar üçün hazırlığını yoxlamaq olub. Qitə futbol qurumunun nümayəndələri komandanın Avropa Liqasında debütünə təşkilati işlər baxımdan nə dərəcədə hazır olmasını nəzərdən keçirib.

UEFA-nın reqlamentinə görə, qonaqlar hər hansı şərh vermək, səfərin yekun nəticələrini açıqlamaq hüququna malik deyillər. Buna görə də “Amkar”ın kommersiya direktoru Eduard Qraçev UEFA-nın komissiyasının səfərinə yekun vurub: “Bizə UEFA-nın stadionların qəbulu üzrə komitəsinin üzvü Arno Sarqsyan və Rusiya Futbol İttifaqının stadionların lisenziyalaşdırma şöbəsinin əməkdaşı İvan Tsıtoviç gəlmişdi. Onlar “Zvezda” stadionunda, onun ətrafındakı ərazidə baxış keçirdilər. Bu səfər tanışlıq xarakter daşıyır. Bundan sonra iradlarla bağlı siyahı hazırlanacaq. Biz onları bu ilin iyun, yaxud iyuluna qədər aradan qaldırmalıyıq. Məhz o vaxt arenaya ikinci dəfə baş çəkiləcək və çatışmazlıqları necə aradan qaldırdığımız yoxlanacaq. İndi bizə məlum olan yalnız budur ki, bayraq ağacları ilə tualetlərin sayını artırmalıyıq”.

Qeyd edək ki, UEFA kuboku yeni mövsümdən Avropa Liqası adlanacaq.
0