“Turan” klubunun sabiq baş məşqçisi ticarəti bacarmır - MÜSAHİBƏ
15.04.2009 - 16:36
“Turan” klubunun sabiq baş məşqçisi ticarəti bacarmır - MÜSAHİBƏ
Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Sakit Alıyevin apasport.az saytına müsahibəsi

- Bir ildir ki, “Turan”ın baş məşqçisi postundan ayrılmısınız. Maraqlıdır, futboldan ayrılandan sonra nə işlə məşğulsunuz?
- İstirahət edirdim.

- Neçə illərdir futbol həyatı yaşayırdınız. İndi bu sahədən ayrılmaq çətin deyil?
- Mən ki, bir dəfəlik futboldan ayrılmamışam. Müvəqqəti ayrılmışam ki, bu müddətdə gərginlikdən bir az dincəlim.

- Bəs bu istirahətdən bezməmisiniz?
- ... Futbol üçün çox darıxmışam.

- Elədirsə, tezliklə sizi yenidən iş başında görə biləcəyik?
- Qismət olsa, hə. Hər şey qismətdən asılıdır.

- Ölkə futbolunu, özünüzün uzun illər bağlı olduğunuz “Turan”ı izləyirsinizmi?
- Təbii ki. Elə şey ola bilər ki, komandamızı izləməyim? Hər ev oyununu gedib stadiondan izləyirəm.

- Komandadakı dəyişiklikləri görürsünüz?
- Hə. Əsas dəyişiklik heyətlə bağlıdır. Bizim vaxtımızda gənclər oynayırdı, indi isə təcrübəli, əvvəllər futbol oynamış oyunçular çıxış edir.

- Sabiq komandanızdan nə gözləyirsiniz?
- Düşünürəm ki, bu heyətlə yaxşı nəticə üçün də mübarizə aparmaq olar. Yaxşı şərait olsa, gələn mövsüm yüksək nəticələrə də iddia etmək mümkündür.

- Həmin təcrübəlilərin bəziləri ilə hələ siz futbolçu olan vaxt çiyin-çiyinə oynamısınız. Onlar komandaya qayıtdı. Düşünmürsünüz ki, qayıtmaq növbəsi sizindir?
- Bayaq dediyim kimi, hər şey qismətdən asılıdır. Çağırarlar, gedib işləyərəm. Çağırmasalar, başqa yerdə çalışaram.

- Kənarda işləmək variantları var?
- Ötən il iki təklif var idi. Getmədim. İndi isə çempionatın axırlarıdır. Gözləyirik, inşallah görək nə olur.

- Bəs indi nə işlə məşğulsunuz?
- Gündə 2-3 saat məşq edirəm.

- Özünüz tək, yoxsa...
- Məktəb uşaqları var ki, futbola həvəslər böyükdür. Onların 7-8 mini-komandası var. Hər gün məşq edir, oynayırlar. Mən də onlara başa salıram.

- Yəni, onlara məşqçilik edirsiniz də?
- Məşqçilik deyəndə ki, bəzi şeyləri başa salıram, öyrədirəm. Elə özüm də onlarla qaçıram, məşq edirəm.

- Belə çıxır ki, dediyiniz həmin 7-8 komandanın həm məşqçisi, həm oyunçusu, həm də oyunlarının hakimi və təşkilatçısı sizsiniz...
- Hə, onları başa salıram.

- Siz məşqçilik üzrə A kateqoriyası almış azsaylı mütəxəssislərimizdənsiniz. İndi həmin diplomunuza heyfiniz gəlmir ki?
- Niyə gəlməlidir ki?

- Çünki oxuyub, əziyyət çəkmisiniz. Amma indi işləmirsiniz?
- Təbii ki, işləsəydim, daha yaxşı olardı. Amma nə etmək olar...

- Belə xəbərlər yayılıb ki, siz futboldan uzaqlaşıb kiçik bizneslə məşğulsunuz. Mağaza işlətməklə dolanırsınız?
- Bunu kim yazıbsa, yalandan yazıb. Yalandır.

- Yəni, həqiqətəuyğun deyil?
- Belə dezinformasiyaların yayılmağı məni istəməyənlərin işləridir. Zəng vurub maraqlana bilərsiniz. Tovuzda məni tanıyanlardan öyrənin də. Belə bir şey yoxdur və ola da bilməz. Mənimki futboldur. Başqa heç bir işə bağlana bilmərəm. Bir daha təkrar edirəm ki, elə xəbərlər də məni istəməyən qüvvələrin işidir.

- Kimdir ki, onlar?
- O qədərdir ki, hansını deyəsən? Məni istəməyənlər də var, sizi istəməyənlər də. Elə başqalarını da.

- Futboldan gedəndən sonra heç nə ilə məşğul olmursunuz. Bəs maddi baxımdan necə dolanırsınız?
- Allahın köməyilə birtəhər dolanırıq da. İnşallah hər şey yaxşı olar.
0