Ağasəlim Mircavadov: Onu başa salmaq lazımdır
15.04.2009 - 16:48
Ağasəlim Mircavadov: Onu başa salmaq lazımdır
“Kamran Ağayevi uşaq vaxtından tanıyıram. O vaxt hələ İslam Kərimovun yanına gəlməmişdi. Kamranın qapıçı kimi yetişməsində mənim də rolum olub”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və “Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Azərbaycan yığmasının əsas qapıçısı olan Kamran Ağayev “Xəzər-Lənkəran”a 2006-cı ilin yayında, Mircavadov bu komandaya baş məşqçi təyin edildikdən sonra keçib. 62 yaşlı mütəxəssis Ağayevin üzə çıxmasında AFFA-nın futzal komitəsinin sədri vəzifəsində işləmiş Habil Qurbanovun əməyini qeyd edir: “Bu şəxs prokuror kimi çalışdığı Dəvəçidə stadion tikdirirdi. Biz də futbol veteranları qismində ona kömək edirdik. Stadionun açılışı oldu və Kamranı ilk dəfə Dəvəçidə gördüm. Mənə məsləhət bildikləri qapıçıya hətta bir-iki məşq keçdim. Ola bilməz ki, “Xəzər-Lənkəran” zədəli futbolçuya kömək etməsin. Bu komandanı çalışdırdığım iki ildə klub rəhbərliyi zədəli oyunçuları ya Türkiyə, ya da Almaniyaya müayinə, müalicə, cərrahiyyə əməliyyatına yollayırdı. Ümumiyyətlə, “Xəzər-Lənkəran”da tibbi personal güclüdür və zədəlilərə xüsusi diqqət yetirilir. Hətta bizim vaxtımızda futbolçu müqavilə bağlamamışdan öncə tam müayinə keçirdi ki, sonradan zədə ilə bağlı problem yaranmasın”.

Mircavadov Ağayevin 23 yaşında futbolçu karyerasını bitirmək qərarını dəstəkləmir: “Bəlkə də o, hirsləndiyi üçün belə deyib. Hər halda, Kamranın son vaxtlar üzləşdiyi çətinlikləri nəzərə almaq lazımdır. Ağayev gəncdir, onu başa salmaq lazımdır. Özü də o, başa düşəndir. Kamranın futbolla vidalaşmasına hələ çox var. Onu itirmək olmaz. Son illərdə Azərbaycanda belə qapıçı yetişməyib. Kamranın başqa kluba keçidi üçün “Xəzər-Lənkəran”la müqavilə məsələsini həll etmək lazımdır”.

Kamranı artıq bu yaşında xaricdə oynamağa hazır hesab edən “Xəzər-Lənkəran”ın sabiq çalışdırıcısının fikrincə, indi bunun əsl vaxtıdır: “Qapıçı bu ilin yanvarında “Xəzər-Lənkəran”ın heyətində “Birlik kuboku”nun oyunları zamanı parladı. Qalib gəldiyimiz bu turnirdə inamlı oyunu ilə diqqət mərkəzinə düşdü. Həmin vaxtdan transfer söhbəti ortaya çıxsa da, Kamrana tələsməməyi tövsiyə edirdim. Onu Kiyev “Dinamo”sunda, hətta Bundesliqada oynamağa hazır sayıram. Ancaq konkret hansı komanda ilə danışıqların getməsindən xəbərim yoxdur. Milli komandamızın baş məşqçisi Berti Foqts Kamranın Almaniyada çıxış etməsində vasitəçi ola bilər. Hər halda, onu vətənində yaxşı tanıyırlar. Əslində, Ağayevin transferini yalnız Foqtsla bağlamaq da düzgün olmazdı. Kamranın milli komandamızın heyətində Uelslə yığması ilə səfər oyununda inamlı çıxışı göz qabağında oldu”.
0