“Kamran Ağayev İker Kasilyas olsaydı, onda onu transfer edərdik”
15.04.2009 - 17:30
“Kamran Ağayev İker Kasilyas olsaydı, onda onu transfer edərdik”
“Komandamızın Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevlə maraqlanmasından xəbərim yoxdur. Hər halda, belə bir şey olsaydı, bu haqda məlumatlı olardıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Kiyevin “Dinamo” klubunun mətbuat xidmətinin rəhbəri Aleksey Semenenko deyib.

“Xəzər-Lənkəran” klubunun və Azərbaycan milli komandasının qapıçısı olan Kamran Ağayevlə Kiyev “Dinamo”sunun maraqlandığı bildirilir. Semenenko ilə söhbətimizdə məlum oldu ki, o, qapıçımızın adını ilk dəfə eşidir. Klub rəsmisi bizdən Kamranın Rusiya yığması ilə Moskvadakı rəsmi oyunda (0:2) milli komandamızın qapısını qoruyub-qorumadığını xəbər aldı ki, bu da səbəbsiz deyilmiş: “Həmin görüşdə yığmanızın qapıçısı elə səhv buraxdı ki, buna adamın gülməyi gəlirdi. Deməli, Kamran Rusiyaya qarşı oynamırmış. Əslində, indi yeni qapıçıya ehtiyacımız yoxdur. Çünki 5 qapıçımız var. Aleksandr Şovkovski kimi tanınan, təcrübəli qapıçı ehtiyatda qalırsa, özünüz bundan nəticə çıxarın. Hazırda əsas qapıçımız olan Stanislav Boquş əslən Zaporojyedəndir. O, inamla çıxış edir. Ağayev İker Kasilyas səviyyəsində qapıçı olsaydı, onu transfer edərdik. Yəqin ki, bu, futbol agentlərinin işidir”.
0